“Spike” sınıq-salxaq T-72 tankını partladanda necə qaçıb canını qurtarmalı... – ERMƏNİLƏRİN HƏRBİ TƏLİMİ
Azərbaycan ordusunun martın 12-dən başlayan irimiqyaslı hərbi təlimləri ilə eyni vaxtda Qarabağdakı erməni işğalçı qüvvələri də təlimlərə başladığını elan edib.
Virtualaz.org xəbər verir ki, işğal altındakı Azərbaycan ərazilərindəki poliqonlarda ermənilərin tank təlimləri start götürüb. Qondarma “dqr müdafiə nazirliyi” təlimlərin 2018-ci il üçün tədris-hazırlıq planına əvvəlcədən daxil edildiyini açıqlayıb.
Qondarma rejimin bu gün yayılan məlumatında deyilir ki, təlimlərin məqsədi şəxsi heyətin peşəkarlığını artırmaq, döyüş əməliyyatlarının yerinə yetirilməsi zamanı müstəqil qərarlar qəbul etmək qabiliyyətini işləyib hazırlamaq, düşmən hədəflərinə müxtəlif döyüş şəraitlərində atəş açmaqdır.
Lakin tamamilə aydındır ki, Azərbaycan ordusu ilə eyni gündə işğalçı qüvvələrin tank təlimlərinin başlaması təsadüfi deyil, vaxt bilərəkdən bu cür seçilib. Azərbaycan Müdafiə Nazirliyi təlimlər barədə iki gün əvvəldən anons etmişdi. Nəticədə erməni işğalçı qüvvələri tələm-tələsik tankları poliqonlara çıxarmalı olublar ki, müəyyən balans görüntüsü yarada bilsinlər.
Hərçənd bu təlimlərdə erməni tankçıları “Spike” zərbəsinə tuş gələndə yanan tankdan necə canlarını qurtarmağı məşq etsələr daha əlverişli olardı. Çünki Azərbaycan ordusu tank əleyhinə silah arsenalını son iki ildə daha da gücləndirib. Stokholmda mənzillənmiş beynəlxalq sülh problemləri İnstitutunun (SIRRI) bu günlərdə açıqladığı hesabata əsasən Azərbaycan 2016-2017-ci illərdə İsraildən 215 vahid “Spike NLOS” tank əleyhinə raketi, habelə Rusiyadan 800 vahid “Xrizantema” tank əleyhinə raketi (BMP-3 zirehli maşının şassisində yığılmışş və “tank qatili” adını qazanmış “Xrizantema-S” kompleksləri üçün) alıb.
2016-cı ildən əvvəl də Azərbaycan İsraildən “Spike” raketlərinin böyük arsenalını əldə etmişdi. Hansı ki, bu raketlər hədəfdən yayınmır və 2016-cı ilin aprel döyüşlərində erməni qüvvələri bir gündə 16 tank itirəndə buna əmin olmuşdular. İndiki arsenal isə erməni işğalçı qüvvələrinin sərəncamında olan, primitiv müdafiə sistemləri ilə təchiz edilmiş T-72 tankları üçün potensial döyüş əməliyyatlarında heç bir şans qoymur. Onlar ancaq “Spike” və “Xrizantema” raketləri üçün hədəf rolunu oynaya bilərdi.
Mənbə:> Virtualaz.org