Kimlərə hərbi çağırışdan möhlət hüququ veriləcək? – VİDEO
İndiyədək yalnız Təhsil Nazirliyinin müvafiq siyahısında qeyd olunan xarici universitetlərdə təhsil alanlara hərbi xidmətdən möhlət hüququ verilirdi. Bu siyahıdan kənar xaricdə ali təhsil alanlar isə hərbi xidmətdən möhlət hüququ ala bilmiridi. İndi isə istənilən xarici universitetdə əyani ali təhsil alanlara da hərbi xidmətdən möhlət hüququ verilməsi təklif olunur.
Öncədən yalnız təhsil nazirliyinin təsdiqlədiyi siyahıdakı xarici ali təhsil müəssisələrində oxuyan tələbələrə hərbi xidmətdən möhlət hüququ verilirdisə, indi bunun istənilən xarici universitetdə oxumaq istəyən gənclərə şamil edilməsi gündəmdədir. Bu yeniliyin “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanuna daxil edilməsi təklif olunub.
Millət vəkili Zahid Orucun fikrincə bu dəyişiklik Azərbaycan gənclərinin xaricdə təhsil alması üçün daha geniş imkanlar yaradacaq. Nəticədə xaricdə təhsil almaq istəyənlər üçün artıq təhsil nazirliyinin müəyyən etdiyi siyahıya ehtiyac qalmayacaq.
Millət vəkili onu da qeyd edir ki, bəzi şəxslər sırf hərbi xidmətdən yayınmaq üçün heç bir sənədi tanınmayan hansısa universitetlərdə təhsil alır və sonra diplomlarının tanınmasını istəyirdilər. Ancaq bu niyyətdə olan şəxslərin əməlləri əlbətdə ki, sözün həqiqi mənasında ali təhsil almaq üçün xaricə gedənlərin fəaliyyətinə mane ola bilməzdi. Elə yeni dəyişikliyin mahiyyəti də bundan ibarətdir.
Qanuna təklif edilən dəyişiklik mayın 31-də Milli Məclidə plenar iclasda müzakirəyə çıxarılacaq.
Mənbə:> Oxu.Az