ABŞ-dan Kubayla bağlı tarixi qərar
ABŞ Kuba və Malayziyanı insan alveri ilə məşğul olan ölkələr siyahısından çıxarıb.
Hər il ABŞ-ın Dövlət Departamenti tərəfindən hazırlanan hesabat Kuba və ABŞ arasında diplomatik münasibətlərin bərpa edilməsindən bir həftə sonra dərc edilib.
Qeyd edək ki, iki ölkə arasında diplomatik əlaqələr 1961-ci ildən kəsilib.
Diplomatik münasibətlərin bərpa edilməsindən öncə Birləşmiş Ştatlar Kuba hakimiyyətini ölkə vətəndaşlarını dövlət layihələri çərçivəsində ölkə hüdudlarından kənarda məcburi əməyə cəlb etməkdə ittiham edirdi.
Xatırladaq ki, ötən il ABŞ tərəfindən Malayziyaya qarşı da analoji ittihamlar irəli sürülüb.
ABŞ Kuba hakimiyyətini ölkə vətəndaşlarını ölkə hüdudlarından kənarda məcburi əməyə cəlb etməkdə ittiham edirdi.
Hesabatda ümumilikdə 3 qrupdan ibarət siyahı üzrə 187 ölkə sıralanıb. Birinci qrupa Birləşmiş Ştatlar tərəfindən müəyyən edilmiş normalara tam olaraq cavab verən ölkələr, ikinci qrupa tələblərə qismən cavab verən 133 ölkə daxildir. Üçüncü qrupda isə ABŞ hökumətinin fikrincə insan alverinə qarşı kifayət qədər tədbir görməyən dövlətlər qərarlaşıb.
Sənəd 2003 ildən etibarən dərc edilir və bu müddət ərzində Kuba daimi olaraq ən aşağı səviyyəli üçüncü qrupa daxil edilirdi. Vaşinqtonun son qərarından sonra ölkə ilk dəfə ikinci qrupda yer alıb.
Qeyd edək ki, bu yaxınlarda Almaniyanın xarici işlər üzrə federal naziri Frank-Valter Ştaynmayerin Kubaya səfəri gözlənilir. Bu Federativ Respublikanın xarici siyasət idarəsinin Azadlıq adasına tarixdə ilk səfəri olacaq.
Mənbə:> ANSPRESS