Terrorçular edam olunacaq – VİDEO
Tunisdə terrorçuluğa görə ölüm cəzası tətbiq edilib. Bundan əlavə qanunvericiliyə edilmiş düzəlişlərə əsasən terrorçuluğa ictimaiyyət qarşısında bəraət qazandıran şəxslər məhkəmə qərarı olmadan 15 gün müddətinə saxlanıla bilər. Bu zaman onlar vəkil xidmətlərindən istifadə etmək hüququndan məhrum ediləcək. Həmçinin xüsusi xidmətlərin telefon danışıqlarının gizli dinlənilməsi sahəsində səlahiyyətləri xeyli artıb.
Hüquq mühafizəçilərinin etirazlarına baxmayaraq Tunis parlamenti üç gün davam edən müzakirələrdən sonra qanuna düzəlişləri böyük səs çoxluğu ilə təsdiq edib.
Parlamentin spikeri Məhəmməd Ənnasirin sözlərinə görə, həyata keçirilmiş tədbirlər ölkə vətəndaşlarında öz təhlükəsizliyinə inamı artıracaq.
Xatırladaq ki, iyunun 26-da Tunisin Sus kurort şəhəri ətrafında yerləşən çimərliyə daxil olan silahlı şəxs burada istirahət edən turistlərə atəş açmağa başlayıb. Hadisə nəticəsində 38 nəfər həlak olub.
Martın 18-də isə 21 turist Bardo şəhərinin muzeyinə terror hücumunun qurbanı olub.
İŞİD terror qruplaşması hər iki basqına görə məsuliyyəti üzərinə götürüb.
Qeyd edək ki, turizm Tunis iqtisadiyyatı üçün xüsusi əhəmiyyət kəsb edir və törədilmiş terror aktları nəticəsində ona ciddi ziyan vurulub. Ölkə əhalisinin 14 % bu sahədə çalışır. Turizmdən əldə edən gəlirlər ÜDM (Ümumi Daxili Məhsulun) 15 % təşkil edir.
Turizm mərkəzinə terror hücumu
Mənbə:> ANSPRESS