Sarayda qızıl unitaz iddialarına son verildi – FOTO
Türkiyədə Memarlar palatasının ortaya atdığı, bəzi mətbu orqanların və müxalifət lideri Kamal Kılıçdaroğlunun fərqli platformalarda dilə gətirdiyi “prezidentin iqamətgahında qızıl unitaz” iddialarına son qoyuldu. ANS PRESS-in məlumatına görə, ötən gün prezident Rəcəb Tayyib Ərdoğan jurnalistləri Ağ sarayın 126 otağında gəzdirib. Bu fikirlərin əsassız çıxmasından sonra Ərdoğana yaxın media qurumları “Qızıl unitaz iddialarının üstündən sifon çəkildi” başlıqlı xəbərlər paylaşdılar.
Jurnalistlərin, “Cavab vermək üçün niyə bu qədər gözlədiniz?” sualına Ərdoğan, “Ətəklərdə olan daşların tökülməyini gözləyirdim” – deyə cavab verib.
Jurnalistlərin çox böyük maraqla gözlədiyi və şəklini çəkdikləri ayaqyolu unitazlarının adi keramikadan olduğu məlum olub.
source: imgur.com
Sarayın tikintisində istifadə olunan daşların İsraildən gətirilməsi iddiaları da cavabını tapıb. Məlum olub ki, iddia olunan daşlar Antalyadan və İspartadan gətirilib.
Xatırladaq ki, bir müddət əvvəl prezident Rəcəb Tayyib Ərdoğanın yeni tikdirdiyi “Ağsaray” adlı prezident iqamətgahının ayaqyolunda unitazların qızıldan olduğu iddia olunmuşdu. Memarlar palatasının ortaya atdığı iddianı media maqnatı Aydın Doğana aid mətbu orqanlar yaymış, müxalifət lideri Kamal Kılıçdaroğlu parlament seçkisi öncəsində bundan istifadə etmişdi.
Mənbə:> ANSPRESS