Putinin “yeddibaşlı əjdahası”
Britaniyalı gənc sosial elmlər alimi, jurnalist Lavrensi Aleksander “Global Voices” analitik portalında yazır ki, bu ilin əvvəllərində “Azadlıq” radiosu və “The Guardian” qəzeti вштабе.рф internet saytı barədə məlumat dərc edib.
Bu saytda böyük şəkil qalereyası da var. Qalereyadakı şəkillərin əksəriyyəti ABŞ, Qərb və Ukrayna siyasətçilərini lağa qoyan, Rusiya prezidenti Vladimir Putini isə qəhrəmanlaşdıran karikatura və şarjlardan ibarətdir.
İnternet və sosial mediadan siyasi məqsədlər üçün istifadəni araşdıran L.Aleksander yazır ki, sözügedən sayt material müəlliflərini və dizaynerlərin adlarını göstərmir. Bu anonimlikdən maraq duyan L.Aleksander mümkün olan informasiyanı əldə etmək üçün “Maltego open-source intelligence software” proqramından istifadə edib.
“Maltego” proqramından istifadə göstərib ki, sözü gedən sayt “Google Analytics” internet alətindən faydalanır. Bu proqram sayt sahibinə ziyarətçilər barədə statistik və başqa məlumatları toplamağa imkan verir.
Lakin bu alət “ikibaşlıdır”. Belə ki, o, həm də başqalarına sayt sahibinin “hara” və ya “kimə” bağlı olduğu barədə sirri aça bilər.
“Rus matryoşkası”
L.Aleksander yazır ki, bu sistemdən FTB də daxil bir çox təhlükəsizlik xidmətləri kibercinayətlərə qarşı mübarizədə istifadə edirlər. Jurnalist L.Aleksander isə bu metodun köməyi ilə вштабе.рф saytnın başqa saytlara da sahib olub-olmadığını yoxlayıb və aşkar edib ki, bəli, söhbət burada daha 7 saytdan gedir.
UA (Ukrayna) və RU (Rusiya) kimliklərindən istifadə edən bu saytlar Ukrayna siyasətçilərinə və Qərbə qarşı gözdən salan materiallar dərc edir.
L.Aleksanderın apardığı çox uzun təhqiqat haqqında qısaca bunu demək olar ki, o, ayrılıqda hər saytdan “rus matryoşkası” kimi onlarca saytın çıxdığını aşkar edib və bu saytlara bağlı e-mail ünvanlarını öyrənib.
Jurnalist bunu da üzə çıxarıb ki, sözügedən saytlardan bir çoxu Rusiyanın yarımrəsmi internet resurslarına bağlı imiş.
Məlum olub ki, bu saytlar “Google Analytics”dən başqa “Yandex Metrika”, “Yandex Verification” və “Nginx” serverlərindən istifadə edirlər.
Burada e-mail domenləri də istisna təşkil etmir. Jurnalist L.Aleksander tezliklə VKontakte saytının arxivi vasitəsilə konkret insana bağlı ünvana çıxa bilib.
Bu adlardan biri də Nikita Podqornı olaraq istifadə edilir.
N.Podqornının facebook profili onun “Worldsochi” domeninə bağlı olduğunu göstərib.
Beləliklə də sözügedən Podqornının Rusiyanın “trol” fabrikinə və ya rəsmi təbliğat maşınına bağlılığı üzə çıxıb.
Rəsmi “kibervətənpərvər”
Üstəlik mətbuata sızmış gizli siyahıdan Podqornının Sankt-Peterburq İnternet Araşdırmaları Agentliyinin işçisi olduğu məlum olur. Bu agentliyin isə Kremlin “təbliğat bostanı” olduğu iddia edilir.
Jurnalist yazır ki, Podqornının VK profilindəki doğum günü onun sızmış siyahıdakı doğum günü ilə üst-üstə düşür.
Başqa sözlə, Podqornının təqdim edildiyi kimi Rusiyanın kibervətənpərvəri yox, oruellsayağı deyilsə, Rusiya “həqiqət nazirliyinin” rəsmi işçisi olduğu təsdiq edilir.
Mənbə:> Virtualaz.org