Qarabağa qaçan rus milyarder: “Qoyun saxlayacam...”
Müəmmalı şəkildə Rusiyanı tərk edən və Azərbaycanın işğal altındakı ərazilərində yerləşən ekstravaqant rus milyarder German Sterliqov bəzi planlarını açıqlayıb.
Virtualaz.org saytı xəbər verir ki, Sterliqov Qarabağ dağlarında torpaq, örüş sahələri almağa və qoyun yetişdirməyə hazırlaşdığını, ekoloji təmiz kənd təsərrüfatı məhsullarının ticarətinə başlayacağını deyib.
“Hər şeydən əvvəl qoyun işinə girməyi qərara almışam. Qarabağ cinsindən olan qoyunlar. Ən gözəl qoyunlardır” - deyə Sterliqov “Rossiya 24”-ə açıqlamasında bildirib.
Onun sözlərinə görə, hazırda ailə qoyun ferması tikmək üçün yer axtarır. Hələlik isə Sterliqov Ağdərədə dəyirman alıb.
“Bu gün ilk taxılı üyüdüb bir kisə un əldə etdik, sabah isə onu satacağıq. İndi bizim dolanmağa vəsaitimiz var” - deyə Sterliqov bildirib.
O, dəyirmanın kiçik dağ çayının üzərində tikildiyini və su ilə işlədiyini deyib.
Sterliqovun arvadı Alyona isə artıq öz moda evini açıb. Moda evi üçün yeri Sterliqovun erməni dostları seçiblər. Sterliqov bir daha deyib ki, Qarabağa nə üçün gəldiyini iyulun 13-də keçirəcəyi mətbuat konfransında açıqlayacaq.
“Və mənim açıqlayacaqlarım bir çoxlarının xoşuna gəlməyəcək” - deyə o bildirib.
Xatırladaq ki, ilkin ehtimallara görə, Sterliqovun Rusiyadan qaçmasına səbəb silahlı rus millətçi təşkilatı BORN-un işi üzrə aparılan istintaqda adının keçməsidir. Bu silahlı bandanın üzvləri vəkil Stanislav Markelovu və jurnalist Anastasiya Baburovanı qətlə yetiriblər. Qətldə ittiham olunan banda üzvləri Sterliqovun silahlı bandanın sponsoru olduğunu açıqlayıblar.
Lakin istisna deyil ki, Sterliqovun Qarabağa köçməsi başqa səbəblər, o cümlədən hansısa siyasi planlarla bağlıdır.
Mənbə:> Virtualaz.org