ABŞ – Fransa arasında gərginlik başladı
ABŞ Milli Təhlükəsizlik Agentliyi (NSA) 2006 – 2012-ci illər arasında Fransa prezidentlərini dinləyib. ANS PRESS-in məlumatına görə, yerli “Liberation” qəzeti və “Mediapart” xəbər saytı “Wikileaks” saytına istinadən yaydıqları “Yelisey casusluğu” adlı hesabatda ABŞ-ın Jak Şirak, Nikolas Sarkozi və Fransua Ollandı dinlədiyini bildirib.
Hesabatda həmçinin prezidentlərlə yanaşı yüksək çinli məmurların, diplomatların və bəzi nazirlərin də danışıqlarına qulaq asıldığı qeyd edilib. Həmçinin başda Olland olmaqda bir çox Yelisey əməkdaşının mobil telefonu nömrələri də dinlənən şəxslərin sırasında göstərilib.
“Wikileaks”in ələ keçirdiyi hesabatla Yunanıstan böhranı, AB liderləri ilə danışıqlar, Fransa – Almaniya münasibətləri, Fələstin mövzusu və ABŞ-la Fransa arasında daha əvvəl gündəmə gələn casusluk hadisələri kimi həm Fransanı, həm də beynəlxalq ictimaiyyəti yaxından maraqlandıran mövzuların dinləməyə götürüldüyü məlum olub.
Olandın Avrozona barədə məxfi danışıqlar apardığı, Fransa prezidentinin danışıqlar vaxtı olduqca əsəbi və gərgin olduğunun müşahidə edildiyi də hesabatda əks olunub.
“Liberation” qəzeti iddia edib ki, ABŞ-ın Parisdəki səfirliyinin ən yuxarı mərtəbəsində dinləmə mərkəzi yaradılıb, Yelisey Sarayı, Daxili İşlər, Xarici İşlər, Müdafiə, Ədliyyə Nazirlikləri və Fransa Milli Məclisi xüsusi bir rabitə şəbəkəsi ilə bu mərkəzdən dinlənilib.
Hesabatı yayan Culian Assanc hesabatı yayması barədə münasibət açıqlayarkən, “Fransa xalqının öz seçdiyi hökumətin müttəfiqi tərəfindən dinlənildiyini bilməyə haqqı var” – deyib. Assanc həmçinin gördüyü işlə fəxr etdiyini bildirib.
Baş verənlərdən sonra Fransa prezidenti Fransua Olland Milli Təhlükəsizlik Şurası ilə bu səhər fövqəladə müşavirə keçirməyə qərar verib.
Mənbə:> ANSPRESS