Azərbaycan və Fransa prezidentləri arasında görüş keçirildi – FOTO
Aprelin 25-də Azərbaycan Prezidenti İlham Əliyevin və ölkəmizdə işgüzar səfərdə olan Fransanın Prezidenti Fransua Ollandın görüşü olub.
AzNews.info AzərTAc-a istinadla xəbər verir ki, görüşdə ölkələrimiz arasında ikitərəfli münasibətlərin hazırkı səviyyəsindən məmnunluq ifadə olundu. Əlaqələrimizin dinamik inkişaf etdiyi bildirildi. Son illərdə dövlət başçılarının qarşılıqlı səfərlərinin ikitərəfli münasibətlərin daha da inkişafına təkan verdiyi vurğulandı. Tərəflərin əlaqələrin daha da genişlənməsində maraqlı olduğu bildirildi və bunun üçün böyük imkanların mövcudluğu qeyd edildi.
Söhbət zamanı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində danışıqların son vəziyyəti ilə bağlı geniş fikir mübadiləsi aparıldı.
Azərbaycan Prezidenti İlham Əliyev Fransa Prezidenti Fransua Ollandın münaqişənin həlli istiqamətində göstərdiyi fəallıqdan məmnunluğunu ifadə etdi.
Görüşdə regional, beynəlxalq və qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə olundu.
Qeyd edək ki, F.Olland Bakıya aprelin 24-də axşam gəlib.
Mənbə:> AzərTAc