Eldar Həsənov, Abbas Abbasov və Arif Məmmədov birlikdə İlham Əliyevə qarşı » AzNews.info -Xəbər portalı

Eldar Həsənov, Abbas Abbasov və Arif Məmmədov birlikdə İlham Əliyevə qarşı

Eldar Həsənov, Abbas Abbasov və Arif Məmmədov birlikdə İlham Əliyevə qarşı


İndi artıq sabiq olan səfir Arif Məmmədovun qiyamçı çıxışına hələ bir neçə ay qalmış Bakıya agentura şəbəkəsi vasitəsilə Azərbaycan diplomatlarının Avropadakı məxfi axşam toplantısı barədə şifroqram gəldi.

Azərbaycan yeni saraydaxili avantüraya cəlb olunmuş bütün səfirlərin adını çox tezliklə biləcək. Qlobal derjavalardan birinin siyasi paytaxtı tərəfindən idarə olunan yeni qiyamçıların ifşa edilməsinin hansı nəticələrə gətirib çıxaracağı məlum deyil. Lakin o məlumdur ki, bir-birinə rəğbət bəsləyən xarici siyasət idarəsi işçilərinin məhz bu görüşündə Əliyev hakimiyyətinə hökm çıxarılıb: “Daha belə yaşamaq olmaz!”

Azərbaycan səfirlərinin xaricdəki “sxodka”sının əsas ilhamvericilərindən birinin adı bizə bu gün məlumdur. Əliyevlər ailəsinin ən amansız və məkrli rəqiblərindən biri - səfir qismində sürgünə göndərilmiş sabiq baş prokuror Eldar Həsənov 15 il əvvəl olduğu kimi yenə də oyuna girir. Yeni çoxgedişli kombinasiyanın müəllifi amansız daxili siyasi mübarizəyə qoşulmaq üçün özündə yenidən güc və qətiyyət tapıb, özünün bütün imkan və resurslarını hazırkı hakimiyyətin devrilməsinə səfərbər edib.

Eldar Həsənov diplomatları yeni anti-Əliyev hərəkatı yaratmaq üçün həm Azərbaycanın daxilindəki, həm də xaricdəki bütün potensialdan istifadə etməyə çağıran Arif Məmmədovun əsəbi və ehtiraslı nitqinə tərəfdar çıxaraq hamını diqqətlə süzüb. Sonra da özünəməxsus şəkildə, amiranə və ötkəm səslə bəyan edib: “Həmin o an gəlib yetişdi. İlham Əliyevlə Qərbin qarşıdurması özünün pik həddinə çatıb. Vaşinqton onların vəziyyəti dəyişmək cəhdlərinə reaksiya vermir. Orada onlara başlarını bulayıblar, rədd ediblər. Moskvaya gəlincə isə Abbas məni əmin edir ki, onların Kremllə münasibətlərində də hər şey qaydasında deyil. Bütün bunların sonu tezliklə gələcək və biz Bakıya qayıdacağıq!”

Azərbaycan xüsusi xidmət orqanları Eldar Həsənovla Abbas Abbasovun bütün telefon danışıqlarını qeydə alıblar. Azərbaycanın bir çox Avropa ölkələrinin xüsusi xidmət orqanları ilə tərəfdaşlıq münasibətləri xətti ilə də bir çox məlumatlar əldə edilib. Yəni Eldar Həsənovun səfir olduğu Serbiyaya heç bir aidiyyəti olmayan başqa ölkələrin hökumətlərinin nümayəndələri ilə görüş və məsləhətləşmələri qeydə alınıb ki, bu da onun mandatına daxil deyil.

Əliyev hakimiyyətinin Qərbin informasiya diversiyası və Kremlin güclü pressinqi ilə üzbəüz qaldığı 2013-cü ilin təhlükəli avqustu ərəfəsində olduğu kimi Eldar Həsənov-Abbas Abbasov siyasi dueti yenə də böyük oyuna girir.

Yeni plan nədən ibarətdir və narazıların əhval-ruhiyyəsi ilə manipulyasiya edən bu siyasi qruplaşmanın təxminləri, hesablamaları necədir?

Bu duet bütün ümidlərini Azərbaycan hakimiyyəti ilə Qərb arasındakı qarşıdurmanın dərinləşməsinə bağlayıb. Onlar belə zənn edir ki, bu halda rəsmi Bakının Kremlin tam və mütləq protektoratını qəbul etməkdən başqa yolu qalmayacaq. Onlar səmimi şəkildə ümid edirlər ki, Azərbaycan ətrafındakı geosiyasi gərginliyin artması İlham Əliyevə Moskvanın Avrasiya ilə bağlı bütün inteqrasiya layihələrinə qoşulmaqdan başqa alternativ qoymayacaq. Və bu vassal asılılığı Mərkəzə Azərbaycandakı siyasi hakimiyyətin taleyini köhnə əyyamlarda olduğu kimi müəyyənləşdirmək imkanı verəcək.

Abbas Abbasovun indiki siyasi statusu Azərbaycandakı “rus partiyası”nın başçısı Ayaz Mütəllibovun 90-cı illərin əvvəllərindəki statusuna uyğundur. Bu, Kremlin fors-major vəziyyəti, inqilabi situasiyanın inkişafının “Misir və ya Suriya modeli” vəziyyəti üçün ehtiyat variantıdır. Əgər Qərb MDB məkanındakı ən əsas yağlı tikə və Şərqə qapı sayılan Azərbaycanda sabitliyin pozulmasına nail olsa, onun şimal qonşusu bura müdaxilə etmək və “qırğız modeli”ni bərqərar etmək fürsətini əldən buraxmayacaq. Əhəmiyyəti Ukraynadan nəinki az olmayan, bəlkə hətta artıq olan Azərbaycana nəzarət imkanı əldə etmək isə postsovet məkanında bütün siyasi qüvvələrdən üstün mövqeyə çıxmaq deməkdir.

Şübhə yoxdur ki, Abbasov-Həsənov dueti öz siyasi strategiyasını dəyişən geosiyasi şərtlərə uyğun əyarlayır. Onlar belə zənn edirlər ki, əgər Azərbaycan Rusiyaya tam şəkildə yaxınlaşsa, Kreml orada buyruq qulu olan siyasi rejimin bərqərar edilməsində daha çox maraqlı olacaq. Ölkədəki hərbi-siyasi mövcudluq da ki, öz yerində... İlham Əliyev isə idarə edilməyən, müstəqil siyasətçidir, üçüncü qüvvənin təsiri ilə hərəkət etmir. O, istənilən adamla bərabərhüquqlu danışıqlar aparmağa hazır və qadir oyunçudur.

Heydər Əliyevlə qarşıdurmadakı Mütəllibov-Polyaniçko duetini daha çox xatırladan Abbasov-Həsənov dueti isə ölkədə siyasi hakimiyyəti ələ keçirməyin müqabilində nəhəng derjavalardan birinin buradakı maraqlarının aliliyini təmin etməyə çalışır.

Həsənovla Abbasov hələ Heydər Əliyev dövründən bir-birinə bağlıdır.

“Pəncərələri açın, havanı dəyişin. Buradan Eldar Həsənovun iyi gəlir” - patriarx Əliyevin bu dahiyanə və əbədiyaşar sözünü xatırlayırsınızmı?!

Əliyev müxalifətlə də, Qərblə də, Şimalla da oynayan, öz hakimiyyətinin güclü, əlahiddə və şəxsi dayaqlarını yaradan, ölkənin bütün xüsusi xidmət orqanlarını özünə tabe edən baş prokuroru ölkədən sürgün etdi. Xatırlayın, Qarabağ əlilləri məhz Həsənovun prokuror çubuğunun göstərişi ilə əlinə yaba götürüb Əliyev hakimiyyətinin üstünə yerimişdi. Bu gün isə həmin yaba səfirlərin əlindədir. Bəli, söhbət Heydər Əliyevin Strasburqa səfir göndərdiyi həmin o Arif Məmmədovdan gedir. O, belələrinə etimad göstərmirdi. Lakin böyük patriarx bəzən satqınların, xəyanətkarların xidmətindən də istifadə edirdi - amansız makkiavelizmin prinsipləri belədir.

Cəllad Eldar Həsənov hakimiyyət tayqasını canavarlardan - silahlı müxalifətdən bir sanitar şövqü ilə təmizləyir, rəhbərliyin sirlərini qoruyurdu.

Rus canişini Abbasov Yeltsin dövrünün bandit Moskvası ilə qlobal qarşıdurma dövründə Kremldə istənilən qapını açırdı. Kreml isə özünün Bakıdakı adamının məmur kimi nüfuzunu hər vəchlə artırır, Abbasova baş nazirin əvəzolunmaz müavini kimi qol-qanad verirdi.

Mənsəbpərəst məmuru hakimiyyətdən uzaqlaşdırmaq insanı ona ən əziz olan şərəfdən məhrum etmək kimi bir şeydir. Belə adamlar öz kabinetlərindəki dəbdəbəli kürsülərə sanki üzvi şəkildə qaynayıb-qarışır, qaynaq olurlar. Onları vəzifədən uzaqlaşdırmaq oksigendən, havadan məhrum etmək kimi bir şeydir.

Budur, Əliyev hakimiyyətinə qarşı çıxan və öz siyasi taleyini güclü dövlətlərə etibar edən bu iki amansız və qəddar mənsəbpərəst yeni, avantürist və qoxulu sui-qəsdə cəlb olunublar.

Eldar Həsənov hələ də arxa plandadır və narazılığını açıq bildirmir. Söz yox ki, Həsənov hakim sinfin nümayəndələri ilə uzun-uzadı çəkən və haradasa istintaqı xatırladan söhbətlərində bu və ya digər məmurun nəbzini tutmağa, onların ovqatını, fikirlərini öyrənməyə çalışır, onları bəzən səmimi danışmağa təhrik və təşviq edir.

Rusiya elitasının Putinlə Əliyev arasındakı gündən-günə möhkəmlənən və şəxsi qarşılıqlı etimada söykənən münasibətləri nümayişkaranə qəzəblə, dişini dişinə sıxmaqla müşahidə edən hissəsindən kart-blanş almış Abbasov isə öz çıxışlarında Azərbaycan prezidentinin adını demək olar ki, çəkmir. Onun son aylardakı bütün çıxışlarını tapıb oxuyun. Həmin çıxışların sətiraltı mənası belədir: böyük Heydər Əliyev var idi, o, Rusiya ilə yaxınlaşmağa can atır, Rusiya-Azərbaycan siyasi ittifaqını yaratmağa çalışırdı, sonra isə hər şey dağılıb getdi, lakin bunu da dərd eləmək olmaz, Heydər Əliyevin başladığı bu işi davam etdirən qüvvələr tapılacaq...

Abbasov burada ittifaq əhəmiyyətli təqaüdçü kimi yox, İlham Əliyevin görkəmli atasının siyasi irsinin hansısa bir davamçısı kimi çıxış edir, özü də məqsədli şəkildə. Prezidentlə savaşın ideya-siyasi əsasları demək olar ki, hazırdır. Qalır bircə bu savaşı alovlandıracaq qığılcım...

Və budur, Qərbdə Azərbaycana qarşı nifrət tonqalı alovlanır. Bu sui-qəsdçilərin gümanına görə, Rusiyanın buferə çevrilmiş Azərbaycanı sonra kimin idarə edəcəyini müəyyənləşdirəcəyi gün yaxındır.

Və hakimiyyətin ilk baxışda etibarlı adamlarından biri, stajlı səfir Arif Məmmədov durub durduğu yerdə, tamamilə qəfildən (əlbəttə, bu, geniş ictimaiyyət üçün qəfildən və gözlənilməz idi, bu qruplaşmanı hələ yarım il əvvəldən ciddi nəzarətə götürmüş Azərbaycan xüsusi xidmət orqanları üçünsə yox) zəncirdən qopur.

A.Məmmədov buna heç bir səbəb olmadan əvvəlcə sosial şəbəkələrdə narazılığının ayrı-ayrı məqamlarını dilə gətirir. Arif Məmmədovun facebook səhifəsində tirajlanan bu mətnlər başıboş diplomat üçün heç bir təhlükə vəd etmirdi. Amma çoxgedişli kombinasiya müəllifləri əsəb müharibəsinə müdaxilə etdilər. Onlar bu oyundakı oyuncağa - başıboş Məmmədova qabaqlayıcı zərbələri hiyləgərliklə gözləyirdilər. Çox kədərli mənzərə budur ki, əvvəlcə hakimiyyətin əsəbləri dözmədi. Lakin böyük ehtimalla ona görə belə oldu ki, Abbasovla Həsənov açıq oynamağa başlamışdılar.

2015-ci il, mayın 23-də, yəni Arif Məmmədovun facebook səhifəsində anti-Əliyev çıxışlarının və tənqidlərin ən qızğın vaxtında Avropadan Bakıya iki diplomat gəldi. Bəlkə də inanmayacaqsınız, amma Arif Məmmədovla Eldar Həsənov Bakıda birlikdə göründülər. Səfir Məmmədov Bakıya Qara dəniz və Xəzər dənizi ölkələrinin Beynəlxalq Əməkdaşlıq və Tərəfdaşlıq Fondunun iclasında iştirak etməyə gəlmişdi. Bu təşkilat sırf Eldar Həsənovun özünün təşəbbüsü ilə yaradılıb. Həsənov belə bir fondun yaradılması ideyasını yaxın dostu, Rumıniya prezidenti Trayan Beseskunun beyninə hələ 2009-cu ildə ustalıq və hiyləgərliklə yeritmişdi. O qədər ustalıqla ki, Besesku prezident Əliyevlə görüşdə həmin ideyanı öz ideyası kimi təqdim etmişdi. Azərbaycanla Rumıniya bu fondu yaratdılar. Layihənin “xaç atası” olan Həsənov isə regionun 15 ölkəsindən ən nüfuzlu lobbiçiləri bu təşkilata doldurdu. Onların arasında Ərdoğanın yaxın qohumu İsmayıl Səfi də var idi. Yeri gəlmişkən, sui-qəsdçi qrup Türkiyədə də fəal işləyir. Azərbaycanın Serbiyadakı səfiri Eldar Həsənov aylar uzunu Ankara və İstanbulda dolaşır. İsmayıl Səfi isə türkiyəli bossların qapılarını onun üzünə taybatay açır. Lakin bu, artıq ayrı söhbətin mövzusudur.

Qayıdaq adıçəkilən fondun Bakı iclasına. Həmin iclasda üç azərbaycanlı diplomat iştirak edirdi: Eldar Həsənov, Arif Məmmədov və... Məmmədovun şəxsi dostu, xarici işlər naziri Elmar Məmmədyarov. Açığını desək, Məmmədyarovun hansısa bir qəribə, ikinci dərəcəli QHT-nin iclasında iştirak etməsi xeyli suallar doğurur. Axı Bakıda belə QHT toplantıları tez-tez keçirilir, amma naziri onların heç birində görən olmayıb. Üstəlik, Məmmədyarov fondun iclasında rəyasətdə oturmuşdu. Görünür, Həsənov çox canfəşanlıq etmişdi. O, lazımi adamları öz məclislərinə cəlb etməyi bacarır.

Eldar Həsənov Bakıda olduğu müddətdə səfir Arif Məmmədovu nümayişkaranə şəkildə öz yanında, sanki yedəyində gəzdirir. Məmmədov isə həmin günlərdə ürəyini sosial şəbəkələrdə boşaldır. Xalqı indiki hakimiyyətin idarəçiliyinə daha dözməməyə çağırır, çünki belə hakimiyyətə dözmək istənilən xalq üçün ayıb və rüsvayçılıq sayılırmış.

Daha bir maraqlı fakt. Abbas Abbasovun deputat oğlu Aydın Abbasov elə həmin günlərdə səfir Məmmədovun qəzəbli və ifşaedici çıxışlarına heyran olduğunu vurğulamağa başlayır. Ola bilsin ki, deputat bunu gəncəli həmrəyliyi, yerliçilik təəssübkeşliyi ilə izah edə bilər. Amma əsəb müharibəsində yalan danışmaq, kimisə avam yerinə qoymaq yaxşı iş deyil.

Eldar Həsənov Arif Məmmədovun əməllərindən, çıxışlarından xəbərdar idimi? Buna şübhəniz olmasın. Əgər başıboş Məmmədov olsaydı, bu halda “bilmir, oxumur, sosial şəbəkələrdən istifadə etmir” versiyasını irəli sürmək olardı. Qəddar, məkrli və amansız Eldar Həsənov isə... Həsənov təhlükəni lap uzaqdan da hiss edir. Onun boşboğaz Məmmədovun narazılığını hiss etməməsi versiyası heç zəif tənqidə də dözmür. Təcrübəli usta olan səfir Həsənov bununla kimə və nəyi göstərmək istədi - Allah bilir. Lakin görünür, bu siqnal kimə göndərilmişdisə, o da həmin işarəni aldı.

Bir neçə gündən sonra da Məmmədovun özünüifşası başladı. Onun aqressivliyi bir şeyi göstərir: Abbasovla Həsənov və Balbes Məmmədov özü hakimiyyətin labüd hücumunu gözləyirdilər.

Sual yarana bilər: qiyamçı səfiri elə Bakıda olarkən zərərsizləşdirməkdə xüsusi xidmət orqanlarına nə mane olurdu? Axı o, bura hazır öz ayağı ilə gəlmişdi, necə deyərlər, boşqaba özü girmişdi, elə deyilmi?!

Bu suala sualla, özü də ilk baxışda məntiqsiz sualla cavab verək: bəs rus demokratiyasının atası olan Rüstəm İbrahimbəyov hara yoxa çıxdı? Axı o da qırmızı bayraqlı parovozdan da qabaqda qaçır, özünü bu cənub şəhərində demokratiya uğrunda qurban verməyi vəd edirdi. Onun əlaqələndiricisi Eldar Namazov hanı?

Onların ifası bitdi. Pərdələr endirildi. Səhnəyə rus dram teatrının yeni aktyorları çıxıb. Həmin o “iflasa məhkum Azərbaycan demokratiyası” faciəsini oynamaq üçün...

Abbas Abbasovla Eldar Həsənov İbrahimbəyov-Namazov oyunu vaxtı gizləndikləri yerdən - pərdənin arxasından bəyəm çıxmışdılar? Yox, onlar ən son məqamda zühur etməli idilər ki, vətəndaş müharibəsini dayandırsınlar və milləti iflas, məhv olma təhlükəsindən xilas etsinlər.

İndi isə səhnəyə yeni Eldar Namazov çıxarılıb - Arif Məmmədov adlı Namazov. Özü də o, daha axmaq, küt, təlxəyəbənzərdir, amma əlbəttə ki, diplomat cildində, Qərb timsallı məmur qiyafəsində, parçalanan nomenklaturanın nümayəndəsi kimi...

Məmmədovun ritorikasına diqqət yetirin, sonra da onu İbrahimbəyovla Namazovun 2013-cü ildəki çıxışları ilə müqayisə edin. “Hakim komanda parçalanır”, “ölkədə xeyli narazı adam var”, “əgər İlham Əliyev islahatlara başlamasa, uğursuzluğa düçar olacaq”, “məmurların bir hissəsi mənim tərəfimdədir, məni dəstəkləyir”...

Cümləbəcümlə, sözbəsöz eyni çıxışlardır. Həmin o ssenari bir daha oynanılır.

Özünüz deyin, həmin o Əli Kərimlinin və Cəmil Həsənlinin timsalındakı “milli demokratlar” ura-boşboğazlar və facebook kütləsi ilə birgə Arif Məmmədovun müdafiəsinə necə də canfəşanlıqla atılmışdılar. Özü də əslində nəyin baş verdiyini anlamadan. Sanki əmr, göstəriş almışdılar. Elə bilirdilər ki, Məmmədov qiyama hazırlaşır!

İbrahimbəyov vətənə qayıtmaqdan imtina etməsini necə izah etmişdi? Həbsxanadan qorxması ilə? Əlbəttə, yox. Ona Qərbdə daha böyük ehtiyacın olması ilə! Avropalılara və amerikalılara Azərbaycandakı əsl həqiqəti çatdırmaq, təbliğat aparmaq ehtiyacı ilə! İndi də eyni oyun, eyni sözlər, eyni səylər...

Sizi əmin edirəm ki, bu tamaşanın finalı da onun icraçıları üçün o qədər faciəvi olacaq. Bəs pərdənin arxasındakılar? 2013-cü ildə onlar Əliyevin qəzəbindən qurtula bildilər. Bəs bu dəfə necə olacaq?!

Abbasov Bakıya gələ bilmir. Çünki “Bandotdel”in uşaqları onu elə təyyarənin trapındaca qarşılayacaqlar.

Yeni oyunun baş ssenaristi Eldar Həsənov isə hələ Bakıda gəzib-dolaşır. Özü də yetirmələri olan narazı səfirlərlə. “Bandotdel”in uşaqları onu da təyyarənin trapındaca qarşılayacaqlarmı?

Sonluq çox yaxındadır. Bir az səbirli olaq...

Eynulla Fətullayev

Mənbə: Virtualaz.org
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *