Səfir Arif Məmmədov Strasburqda pul mənimsəyib
“Bu adam haqqında əsl həqiqətləri çatdırmaq imkanı verdiyi üçün öncə virtualaz.org və haqqin.az saytlarına təşəkkürümü bildirmək istəyirəm.
Mən Arif Məmmədov haqqında mətbuatda son vaxtlar yayılan məlumatların nə qədər səhih olduğunu söyləyə bilmərəm. Bunu isə dəqiq bilirəm ki, Strasburqdakı “Azərbaycan evi” məhz Arif Məmmədovun günahı ucbatından bağlandı. “Azərbaycan evi” həm bizim - diaspor üzvlərinin, həm də Strasburqda təhsil alan azərbaycanlı tələbələrin doğma evi idi.
Həmin bu Arif Məmmədov bizdən, “Azərbaycan evi”nə daim gedib-gələn insanlardan yalançı, saxta donoslar yazırdı. Eyni zamanda “Azərbaycan evi”nin saxlanması üçün toplanan pulları mənimsəyirdi”.
Bu cümlələr Strasburqdakı türk diasporunun lideri Mustafa Alıncanın virtualaz.org saytına göndərdiyi məktubdan götürülüb.
Mustafa Alınca məktubunda yazır: “Bir dəfə Arif Məmmədov şəxsən mənim özümə dedi ki, diplomatik missiyanın büdcəsində “Azərbaycan evi”nin saxlanması üçün xərclər nəzərdə tutulmayıb və Azərbaycanın Avropa Şurasındakı o zamankı səfiri Aqşin Mehdiyev vəsait ayırmayıb. Amma dəqiq xatirimdədir ki, Arif Məmmədov “Azərbaycan evi”nə yardım etməsi barədə Strasburqdan Bakıya necə saxta hesabatlar yazıb göndərirdi. Hadisələrin bir çox detallarına və onun o zaman bizə dediyi əksər sözlərə toxunmuram.
Arif Məmmədov Strasburqdan sonra yeni vəzifəyə təyinat aldı. Bundan sonra onun həyat yoldaşı Strasburqda işləməyə başladı. Ona görə də onların bahalı kurortları və SPA-mərkəzlərini gəzməyə pulları çatır. Bunu bilmək də çox maraqlı olardı ki, Arif Məmmədovun büdcəsi nə qədər idi və onun hesabatları bu büdcəyə nə dərəcədə uyğun gəlirdi. Arif Məmmədov məsələsində nə qədər dərinə getsən, bir o qədər çox işlərin qoxusu çıxacaq”.
Qeyd edək ki, İslam Konfransı Təşkilatının (İKT) Avropa İttifaqındakı səfiri Arif Məmmədov özünün facebook səhifəsində antihökumət çağırışları ilə çıxış edib. Bundan sonra Azərbaycan Xarici İşlər Nazirliyi İKT-yə A.Məmmədovu səfir postundan geri çağırmağı tövsiyə edib.
Mənbə:> Virtualaz.org