Ərdoğan Baykala güvənmədi
Birinci Avropa Oyunlarının rəsmi açılış mərasimi üçün Azərbaycanda səfərdə olan Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan gözlənildiyi kimi öz yerini parlamentin ən yaşlı üzvü olan Dəniz Baykala tapşırmayıb. ANS PRESS-in yerli mətbuata istinadən verdiyi məlumata görə, bu səfər müddətində Ərdoğanı Türkiyə Böyük Millət Məclisinin (TBMM) spikeri Cəmil Çiçək əvəz edəcək.
Qeyd edək ki, Ədalət və İnkişaf Partiyasının (AKP) daxili nizamnaməsində yer verilən, partiyanın bir üzvü 2 dəfədən artıq seçilə bilməz maddəsinə görə Cəmil Çiçək seçkidə iştirak etmədiyi üçün millət vəkili statusunu itirib. Amma yeni məclis hələlik açılmadığından Cəmil Çiçək prezidentin əmri ilə bu vəzifəni müvəqqəti icra edəcək.
Ərdoğanın bu istiqamətdə qərarı ötən gün rəsmi qəzetdə dərc olunub:
Türkiyə Cümhuriyyəti prezident administrasiyası
Baş nazirliyə
12-13 iyun 2015-ci il tarixlərdə Avropa Oyunlarının açılışı münasibəti ilə Azərbaycana işgüzar səfərə gedəcəyim üçün mən qayıdana qədər, Türkiyə konstitusiyasının 106-cı maddəsinin tələbi ilə vəzifəmi müvəqqəti olaraq TBMM-nin spikeri Cəmil Çiçək icra edəcək.
Müvafiq addımı atmağınızı xahiş edirəm.
Prezident Rəcəb Tayyib Ərdoğan
Mənbə:> ANSPRESS