İstanbulda gizli Qarabağ toplantısı
İyunun 8-10 tarixlərində İstanbulda Cənubi Qafqaz münaqişələri mövzusuna həsr olunmuş toplantı keçirilir.
Musavat.com bildirir ki. toplantı qapalıdır, iştirakçılardan toplantı barədə məlumat yaymamaq haqda söz alınıb.
Lakin sayt bu barədə bilgi əldə edə bilib. Məlumata görə, qapalı toplantının əsas mövzusu Cənubi Qafqazın həll olunmayan münaqişələri – Dağlıq Qarabağ, Abxaziya və Cənubi Osetiyadakı vəziyyətdir.
Avropa Birliyi, Norveç XİN və Norveç Helsinki Komitəsinin təşkilatçılığı ilə keçirilən konfransda hər üç Cənubi Qafqaz respublikasından ekspertlər, QHT rəhbərləri iştirak edir. Toplantı barədə mətbuatda və sosial şəbəkələrdə hər hansı açıqlama yoxdur, ancaq ehtimallara görə, toplantıda münaqişələrin hazırkı vəziyyəti, həll imkanları, “xalq diplomatiyasının” dürumü kimi məsələlər müzakirə olunacaq, ekspert rəy və tövsiyələri dinləniləcək.
Görünüri, Avropa Birliyi müstəqil şəkildə Cənubi Qafqaz münaqişələrinə diqqət ayırmağa, prosesləri araşdırmağa başlayıb. Avropanın Cənubi Qafqaza müstəqil oyunçu kimi daxil olması ilə bağlı hələ ötən ildən yerli ekspertlərin rəyləri vardı. Belə çıxır ki, regiondakı hazırkı vəziyyət Avropanı hərəkətə gətirir.
Mənbə:> Musavat.com