Azərbaycan BMT-nin mükafatına layiq görülüb – FOTO
Xəbər verdiyimiz kimi, Azərbaycanın kənd təsərrüfatı naziri Heydər Əsədovun başçılıq etdiyi nümayəndə heyəti Romada BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) Konfransının 39-cu sessiyasında iştirak edir.
Sessiyanın ikinci günü əvvəlcə nümayəndə heyətlərinin rəhbərləri birgə xatirə şəkli çəkdiriblər.
FAO-nun baş direktoru Jose Qratsiano da Silva çıxış edərək, dünyada aclıqdan əziyyət çəkən insanların hələ də çoxluq təşkil etdiyini bildirib: “Yer kürəsində hər doqquz insandan biri ərzaq ehtiyacını kifayət qədər təmin edə bilmir. Bu, qəbuledilməzdir. Ona görə də biz müvafiq problemin həlli istiqamətində qlobal səylərimizi iki dəfə artırmalıyıq”.
Daha sonra aclıqla mübarizə istiqamətində əldə etdiyi nailiyyətlərə görə bir sıra ölkələr, o cümlədən Azərbaycan mükafatlandırılıb.
H.Əsədov Azərbaycanın mükafatlandırılması ilə bağlı təəssüratlarını jurnalistlərlə bölüşüb: “1996-cı ildə Romada keçirilmiş Dünya Ərzaq Sammitində 182 ölkənin nümayəndəsi qidalanmadan əziyyət çəkən əhalinin sayının 2015-ci ilədək yarıya qədər azaldılması üzrə öhdəlik götürüb. 2000-ci ildə isə müəyyən edilmiş Minilliyin İnkişaf Məqsədlərinə uyğun olaraq yoxsulluğun yarıyadək azaldılması və 5 faizdən aşağı endirilməsi üzrə 189 ölkə öhdəlik götürüb. Onlardan yalnız 72-si müvafiq sahədə müəyyən nailliyyətlər əldə edib. Həmin ölkələrdən 29-u, o cümlədən Azərbaycan bu hədəflərin hər ikisinə nail olub. Ölkəmizdə yoxsulluğun səviyyəsi bir neçə ildir ki, 5 faizdən aşağıdır. Çox şadıq ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz BMT-nin müvafiq proqramlarını uğurla icra edir. Bundan sonra Azərbaycan aclıqla mübarizə tədbirlərində iştirak etməklə yanaşı, donor ölkə kimi də bir sıra dövlətlərə də yardımlar göstərəcək”.
Sessiya iyunun 13-dək davam edəcək.
Mənbə:> ANSPRESS