Türkiyədə hansı partiyanın nə qədər millət vəkili oldu
Ötən gün Türkiyədə keçirilən parlament seçkisi başa çatdı. ANS PRESS-in məlumatına görə, bu seçkinin nəticələrinə görə, hakim Ədalət və İnkişaf Partiyası (AKP) tənəzzülə uğrayıb, anamüxalifətdə olan Cümhuriyyət Xalq Partiyası yerində sayıb, Milliyyətçi Hərəkat Partiyası (MHP) ilə daha əvvəl parlamentdə təmsil olunmayan Xalqların Demokratiya Partiyası (HDP) seçkidən güclənərək çıxıblar.
Yerli qəzetlərin verdiyi rəsmi olmayan məlumatlara görə bu seçkidə
18 milyon 720 min 625 səs toplayan AKP seçicilərin 40.81%-nin dəstəyini alaraq Məclisdə 258 millət vəkili,
11 milyon 469 min 305 səs toplayan CHP seçicilərin 25%-nin dəstəyini alaraq Məclisdə 132 millət vəkili,
7 milyon 490 min 937 səs toplayan MHP seçicilərin 16.33%-nin dəstəyini alaraq Məclisdə 81 millət vəkili,
5 milyon 995 min 786 səs toplayan HDP seçicilərin 13.07%-nin dəstəyini alaraq Məclisdə 79 millət vəkili ilə təmsil olunacaqlar.
Müqayisə üçün bildirək ki, bundan əvvəlki parlament seçkisində
21 milyon 466 min 356 səs toplayan AKP seçicilərin 49.95%-nin dəstəyini alaraq Məclisdə 326 millət vəkili,
11 milyon 147 min 736 səs toplayan CHP seçicilərin 25.94%-nin dəstəyini alaraq Məclisdə 135 millət vəkili,
5 milyon 575 min 993 səs toplayan MHP seçicilərin 12.98%-nin dəstəyini alaraq Məclisdə 53 millət vəkili ilə təmsil olunmuşdular.
Həmin seçkidə HDP-lilərin təmsil olunduğu Sülh və Demokratiya Partiyasının (BDP) üzvləri seçkidə müstəqil namizəd kimi iştirak edərək parlamentə daxil olmuş və öz fraksiyalarını yaratmışdılar.
Ötən seçkidə Türkiyə Böyük Mİllət Məclisinə 36 müstəqil millət vəkili daxil olsa da son seçkidə müstəqil namizədlərin heç biri seçilə bilməyib.
Mənbə:> ANSPRESS