İspaniyalı jurnalist Azərbaycanı belə müdafiə etdi
İspaniyanın “La Republica” qəzeti I Avropa Oyunları və bu möhtəşəm idman hadisəsi ərəfəsində Azərbaycana qarşı yönələn qərəzli mövqe ilə bağlı məqalə yazıb.
Marino Gallindo adlı idman jurnalistinin müəllifi olduğu məqalədə Azərbaycanın qoca qitəyə yeni təcrübə yaşadacağı deyilir. Azərbaycanın adının “Atletico de Madrid”in köynəyinin üzərində yer aldığı xüsusi vurğulanıb.
Qafqaz ölkəsinin bu oyunları keçirməkdə niyyətinin Avropanı bir araya gətirmək, eləcə də dünyaya inteqrasiya, tanınmaq olduğu vurğulanır.
Bakı 2015-in qısa tarixçəsini xatırladan jurnalist ölkəyə qarşı təzyiqlərin əslində gözlənilən olduğunu bildirir: “İstənilən belə bir böyük tədbir keçirən ölkəyə qarşı digər maraqları olan dövlətlər əks kampaniyaya başlayır. Çində keçirilən olimpiada zamanı ölkəyə qarşı olan təzyiqlər hələ də yaddaşlardan silinməyib. Bu zaman həmin ölkəyə qarşı digər siyasi və ya iqtisadi maraqları olan dövlətlər hərəkətə keçdi. Əgər deyilən faktlar indiyədək doğrudan da bu cür dözülməz olsaydı, Avropanın rəsmi qurumları buna əsla səssiz qalmazdı”.
Müxbir Ermənistan faktorunu dediklərinə xüsusi misal çəkir. 1918-ci ildən bu yana Azərbaycanla Ermənistan arasında bir neçə münaqişənin yaşandığını yazan M.Gallindo Dağlıq Qarabağ münaqişəsini xüsusi xatırladır. Azərbaycanın Avropa Oyunları ilə bağlı hər gün deyil, hər saat ciddi cəhdlə işlədiyini deyən jurnalist oyunlarla bağlı Avropa Olimpiya Komitəsinin sədri Patrik Hikkinin də hazırlıqlarla bağlı vəziyyətin qənaətbəxş olmasını sitat gətirir. Sonda Oyunlarla bağlı məlumat verilir, möhtəşəm idman hadisəsinin geniş miqyasından bəhs edilir.
Məqalənin orijinalını burada oxuya bilərsiz: Juegos Europeos Bakú 2015: el Viejo Continente experimenta en Azerbaiyán
Mənbə:> ANSPRESS