Bakı dünya rekorduna imza atdı, ancaq...
Bəzi dairələr Avropa oyunları kimi möhtəşəm idman hadisəsinin Azərbaycanda keçirilməsini həzm edə bilmir. Dünyada, elə Avropanın özündə də insan hüquqlarının pozulması hallarını görməzliyə vuran bu cür qurumlar Azərbaycana qarşı çirkin qarayaxma kampaniyası çərçivəsində sifarişli yazılar da daxil olmaqla, bir sıra qərəzli üsullardan istifadə edir. Sirr deyil ki, Birinci Avropa oyunları ərəfəsində Azərbaycana qarşı "qara piar" aparılması həvalə olunan xüsusi təşkilatlar və KİV-lər var.
Milli.az-ın məlumatına görə, Azərbaycanın müstəqil siyasətini, ölkənin sürətlə irəlilədiyi inkişaf yolunu, eləcə də Avropa Oyunlarına rekord dərəcədə qısa bir zaman ərzində yüksək səviyyədə hazırlaşmasını qəbul etmək bu cür dairələr üçün mümkünsüzdür. Təsadüfi deyil ki, Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Hikki Avropa Oyunları məşəlinin yandırılması mərasimində etiraf edib ki, "belə qısa müddət ərzində görülmüş bu qədər işləri hətta ən çılğın arzularımızda təsəvvür edə bilməzdik. Əslində, bütün Bakı heyəti hətta Oyunlar başlamazdan öncə dünya rekorduna imza atdı". Təəssüf ki, 2012-ci ildə "Avroviziya" mahnı yarışması zamanı qarşılaşdığımız "qara piar"la, bu gün Avropa Oyunları ərəfəsində də üz-üzəyik. Xarici anti-Azərbaycan qüvvələrinin və erməni lobbisinin mütəşəkkil qaydada apardığı bu kampaniyanın təşkilatçıları da icraçıları da məlumdur. Onlar bu möhtəşəm idman yarışını siyasiləşdirmək üçün əllərindən gələni etməyə çalışırlar və bir çox hallarda bu işdə ölkə daxilindəki 5-ci kolonun nümayəndələrindən də istifadə olunur. Bu kampaniyanın bir sıra ölkələrdə məlum təşkilatlara həvalə olunduğu da sirr deyil. Məsələn, ABŞ-da bu National Endowment for Democracy təşkilatı tərəfindən həyata keçirilir. Bu təşkilatın apardığı kampaniyanın əsas mərkəzi rolunu ABŞ dövlət katibi, ermənilərə xüsusi yaxınlığı ilə seçilən Con Kerrinin ofisi oynayır. "İnsan hüquqları naminə idman" kampaniyası adlandırılan digər sənəddə isə Avropada hərəkətverici qüvvə rolunda beynəlxalq hüquq-müdafiə təşkilatları çıxış etməklə, habelə rəsmi dairələr, Avropa İttifaqı, Avropa Şurası, ATƏT və digər böyük beynəlxalq təşkilatlar cəlb olunmaqla Azərbaycana qarşı yeni "qara piar" layihəsinin icrasına başlanılıb. Bu il yanvarın 15-16-da isə Polşanın paytaxtı Varşavada beynəlxalq QHT-lərin görüşü zamanı ermənipərəst mövqeyi ilə tanınan və Gürcüstanda keçirdiyi qalmaqallı tədbirlə yadda qalan Çexiyanın People in Need, həmçinin Azərbaycana qarşı aqressiv mövqeyi ilə tanınan Human Rights Watch, vaxtilə Azərbaycanda uğursuz fəaliyyət göstərmiş Danimarkanın İnternational Media Support, həmçinin Platform London, Netherlands Helsinki Committee, İndex on Gensorship, Article XlX, İnternational Partnership for Human Rights, YouAid Foundation və digər təşkilatların nümayəndələri iştirak ediblər.
Layihənin icrasına Sərhədsiz Reportyorlar, Avropada Stabillik Təşəbbüsü, İnsan Hüquqları və Biznes üçün Polşa Təşkilatı, Belarus Məlumat Ofisi və başqa qurumların cəlb olunmasının zəruriliyi rəyi ifadə edilib. Az qala Avropanın bütün anti-Azərbaycan meylli qurum və təşkilatları əhatə edən görüşdə Azərbaycana qarşı təşkil olunacaq kampaniyanın ilkin konturları müzakirə olunub. Birinci Avropa Oyunları isə həmin kampaniyanın pik zirvəsi kimi müəyyən edilib. Əl-Cəzirə, BBC, Nordic Broadcastes və Avropanin digər tanınmış media qurumları başda olmaqla kampaniyaya beynəlxalq media yardımının təşkil edilməsi də bu görüşünün əsas məqsədlərindən biri olub.
ABŞ-da NED-in vasitəsilə reallaşdırılan kampaniya ilə Avropada start verilmiş layihənin koordinasiyasına dair razılaşmanın olduğu və ümumi nəzarətin Vaşinqton və Londondan həyata keçirildiyinə dair faktlar da mövcuddur. Təsadüfi deyil ki, bu kampaniyaya məhz aprelin 20-də Londonda keçirilmiş tədbir zamanı start verilib. Bütün bu sadalalanan faktların fonunda bu gün Böyük Britaniyanın "Guardian" qəzetinin niyə Azərbaycana qarşı bu cür qərəzli mövqe sərgiləməsi, niyə bir-birinin ardınca iftira dolu çirkin məqsədli məqalələr yazması gün kimi aydındır. Azərbaycanı əsassız ittihamlarla qaralamağa çalışan "Guardian" öz ölkəsində kral ailəsinin əməllərini işıqlandırmaqdan məhrumdur. Çünki 2010-cu ildə Böyük Britaniyada medianın etik davranışlarına nəzarət edən Xartiyanın qəbul edilməsilə ölkədə KİV-lər tam susdurulub. Yaradılan yeni xüsusi qurum Britaniyada media üzərində dövlət nəzarətini bərpa etməsinə şərait yaradıb: axı bu qurum "etik çərçivə"dən kənara çıxan media qurumlarını 1 milyon funt sterlinqədək cərimə etmək hüququna malikdir. Bütün bunların səbəbi isə "Guardian"ın Kral ailəsi haqda ifşaedici materiallar yayması idi. Bu gün demokrtaiyadan, jurnalist azadlığından dəm vuran "Guardian" bu addımın qarşısında sarsıldı və o andan etibarən kral ailəsi haqda bir kəlmə tənqid yaza bilmir. Görünür, bu "rametmə" mexanizmi qarşısında duruş gətirmək üçün "Guardian" özündə cəsarət tapmadı. Bu qəzet öz ölkəsində hakimiyyətin bəyənmədiyi materialları yazan və yayan blogerlərin islamofob əsaslarla - "radikal" adı ilə həbs olunduqda da susdu. "Guardian" 2011-ci ildə yerli əyalətlərdən birinin meriyasının iclasını lentə aldığı üçün həbs olunan və indinin özündə də məhbəsdə olan jurnalist
Ceki Tompsonla həmrəylik göstərməyə də cəsarət etmədi. Bu həmin "Guardian"dır ki, oxucularına yay tətilini keçirmək üçün tərtib etdiyi siyahıda Azərbaycanın işğal olunmuş ərazilərini də əks etdirməyi, oradakı separatçıların ötürdüyü maliyyə vəsaitini utanmadan həzm etməyi də özünə rəva bildi. 2011-ci ildə "Vikiliks"lə bağlı qalmaqalı zamanı isə bu saytın əsas informasiya tərəfdaşı olan "Guardian" hətta maliyyəsini aldığı dairələrin işinə yaramadığına görə depeşaları da redaktə etməyi və senzuradan keçirməyi "unutmadı". Bütün bunlar isə onu göstərir ki, "Guardian" iddia olunduğu qədər tərəfsiz və obyektiv deyil və maliyyə mənbələrinin işinə yaramayanda ən vacib məlumatların belə üzərinə pərdə çəkə bilir. 2011-ci ildə
Cimmi Savil adli britaniyalı jurnalist müəllifi olduğu uşaq verilişindən sui-istifadə edərək pedofiliya ilə məşğul olması da Britaniya jurnalistləri və jurnalistikasının diqqətindən kənarda qalır. Polis sözügedən əməllərlə bağlı Britaniya jurnalistikasında saysız-hesabsız faktların olduğunu bəyan etsə də, bir müddət sonra bu məsələ unutduruldu. Elə Böyük Britaniyadan olan idman jurnalisti Oven Gibson hər zaman idmandan yazdığı halda ötən ilin dekabrından başlayaraq Birinci Avropa Oyunları haqda siyasiləşdirilmiş qərəzli materiallar yazır. Bununla da jurnalistin tərəfsiz mövqe sərgiləməsi prinsipini pozan Gibson Azərbaycana qarşı aparılan çirkin kampaniyanın öncüllərindən biri olur. Bütün bu cür faktlara susan və ya susdurulan "Guardian", görəsən, hansı ədalətli mövqedən danışır. Bütün bunlar erməni lobbisinin və ya Azərbaycanda iqtisadi layihələri alınmayan hər hansı biznes dairlərəninmi sifarişidir? Azərbaycan prezidentinin ictimai siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov bu cür mövqe sərgiləyən qurumlarla bağlı bildirir ki, Qərbin müəyyən dairələri ilə sıx bağlılığı olan bu tipli qurumlar müstəqil siyasət yürüdən və kimlərinsə iradəsinə baş əyməyən dövlətlərə qarşı bir təzyiq vasitəsidir. Həmin təşkilatlar ardıcıl şəkildə "jurnalist araşdırması" adı altında bəzi ölkələr, o cümlədən də Azərbaycan haqqında əsassız, yalan və şantaj xarakterli materiallar dərc ediblər. Görünür, anti-Azərbaycan dairələr l-ci Avropa Oyunları ərəfəsində növbəti "jurnalist araşdırmasını" efirə buraxmaqla öz məkrli istəklərinə nail olacaqlarını düşünürlər. Amma əmin ola bilərlər ki, belə ucuz və primitiv metodlarla başqa ölkələrlə bağlı reallaşdırdıqları ssenariləri Azərbaycanda həyata keçirə bilməyəcəklər. Bu gün bir sıra dünya, eləcə də Avropa ölkələrində irqi, dini, milli ayrıseçkilik hökm sürdüyü halda Azərbaycan öz nəsillərdən nəsillərə ötürülən tolerantlığı ilə bütün dünyaya nümunə olmaqda davam edir. Böyük Britaniya Olimpiyası Asossiasiyasının Birinci Avropa oyunlarına 150 idmançı göndərməsi də məhz bu mətbu orqanın çirkin iddiaları ilə tərs mütənasibdir. Asossiasiya Avropa oyunlarına öz rəğbətini və etimadını 2008-ci il Pekin yay olimpiya oyunlarından sonra dünyanın heç bir nöqtəsinə göndərmədiyi ən geniş tərkibli heyətini yola salmaqla nümayiş etdirir. "Guardian"ın qeyri-peşakar və sifarişlə işləyən mətbu orqan olduğunu isbatlayan daha bir məqam isə elə 20 gün əvvəl təxminən eyni məzmunda olan bir məqalənin bu gün yenidən sayta yerləşdirilməsidir. Bu, o deməkdir ki "Guardian"ın jurnalistləri özlərinə əziyyət verməyərək bir qədər əvvəl yazdığı məqalənin yan-yörəsini düzəldərək oxucuya sırıyır. Görünür, insanların düşüncəsinin də öz dar maraqları qədər olduğunu zənn edən "Guardian"ı yalnız bu məqalələrdən dolayı onlara yönəldiləcək maddi vəsait maraqlandırır, öz peşə borcları yox. Əgər Avropa mediasının öndə getdiyi bildirilən mətbu orqanlarının siması budursa, onlar simasızlıq deyəndə nəyi nəzərdə tuturlar? Əgər bu saxtakar qurumların qeyd etdiyi kimi olsaydı, Azərbaycanı beynəlxalq aləmdə dəstəkləyən ölkələrin sayı durmadan artmazdı. Bu cür saxtakarların qarşısına atılacaq faktlardan biri də elə Azərbaycanın 155 ölkənin dəstəyi ilə BMT TŞ üzv seçilməsidir. Yəqin ki, insan haqlarından danışan bu qurumların Dağlıq Qarabağ münaqişəsi nəticəsində öz evlərindən didərgin düşən 1 milyon azərbaycanlının hüquqları maraqlandırmır. Çünki beynəlxalq hüquq bu gün dünyada, sadəcə, kağız üzərindədir. Qərbin sifarişli media dairələrinin bu cür qərəzli davranışlarına toxunan Azərbaycan prezidenti İlham Əliyev Azərbaycan gücləndikcə, ölkəyə qarşı təzyiqlərin də artmasını təbii sayır: "Bizim müstəqil siyasətimiz heç də hamıya xoş gəlmir. Belə olan halda bizə qarşı təzyiqlər də artır və təzyiq mexanizmləri də işə salınır. Bunun nəticəsidir ki, bu gün bəzi xarici dairələr Azərbaycana qarşı açıq kampaniya aparırlar. Biz buna hazırıq. Bu kampaniya, əslində, heç vaxt dayanmamışdır. Sadəcə olaraq, önəmli beynəlxalq tədbirlər ərəfəsində bu kampaniya daha da eybəcər formalar alır. Biz bunu üç il bundan əvvəl - 2012-ci ildə "Eurovision" müsabiqəsi ərəfəsində görmüşük. Bu gün də birinci Avropa Oyunları ərəfəsində bunu görürük. Bu, koordinasiya şəklində təşkil edilmiş, bir və ya bir neçə mərkəzdən idarə olunan anti-Azərbaycan kampaniyasıdır ki, bunun məqsədi ölkəmizi ləkələmək, qaralamaq, işlərimizə kölgə salmaq və Azərbaycanı geridə qalmış, qeyri-demokratik, azad olmayan ölkə kimi təqdim etməkdir. Bütün bunlar təbii ki, yalan üzərində qurulur. Ona görə nə Azərbaycan xalqı, nə dünya ictimaiyyəti buna inanmır". Amma əfsuslar olsun ki, bu gün dünya siyasətində beynəlxalq hüquq yox, riyakarlıq, ikili standartlar, ayrı-seçkilik, irqçilik, islamofobiya, ksenofobiya hökm sürür.
Mənbə:> Milli.Az