Türk liderlər harada səs verəcəklər?
Türkiyə Böyük Millət Məclisinə sabah keçiriləcək növbəti seçkilərdə ölkə başçısının, baş nazirin və aparıcı partiya liderlərinin hansı şəhərdə səs verəcəkləri bəlli olub.
ANS PRESS-in məlumatına görə, Prezident Rəcəb Tayyib Ərdoğan və Xalqların Demokratik Partiyasının (HDP) həmsədri Səlahəddin Demirtaş İstanbulda, Baş nazir Əhməd Davudoğlu doğulduğu Konyada, Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Kamal Kılıçdaroğlu və Milliyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Baxçəli paytaxt Ankarada səs verəcəklər.
Ümumiyyətlə, Türkiyədə iyunun 7-də tarixi gün yaşanacaq. Ölkədə keçiriləcək növbəti parlament seçkiləri Türkiyə ilə yanaşı, dünya ölkələrinin də diqqət mərkəzindədir. Seçkiləri izləmək məqsədi ilə Türkiyəyə xarici ölkələrdən və beynəlxalq təşkilatlardan yüzlərlə müşahidəçi gəlib. Aparıcı beynəlxalq media orqanlarının təmsilçiləri seçki prosesini izləmək üçün qeydiyyatdan keçiblər.
Böyük Millət Məclisində təmsil olunmaq üçün seçicilər Bakı vaxtilə saat 10.00-dan 19.00-dək ölkədə fəaliyyət göstərən 20 siyasi partiyanı təmsil edən və bitərəf namizədlərə səs verəcəklər. Ali Seçki Komissiyasının (ASK) məlumatına görə, ölkə üzrə 53 milyon 741 min seçici qeydə alınıb. Onlardan təqribən 3 milyon nəfəri 54 xarici ölkədəki 112 diplomatik nümayəndəlikdə yaradılmış seçki məntəqələrində səs vermək hüququ əldə edib. Mayın 31-də xarici ölkələrdə sesvermə başa çatıb və bülletenlər ölkəyə gətirilib.
Xatırladaq ki, Türkiyənin hüquq mühafizə orqanları ictimai sabitliyi qorumaq üçün ciddi tədbirlər görür. ASK-ın qərarına uyğun olaraq, bu gündən etibarən radio və televiziya kanallarında seçki reklamları dayandırılımalı idi. Lakin hakim Ədalət və İnkişaf Partiyasının (AKP) müraciətinə əsasən Ali Seçki Komissiyası partiyalara seçki mitinqlərini başa çatdırmaq üçün bu gün Türkiyə vaxtilə saat 18:00-dək icazə verib.
Mənbə:> ANSPRESS