Ağdamın simvolu yenidən istifadəyə verildi: 22 il sonra – VİDEO+FOTO
“Bizi o illərə qaytarır, bizə niskil gətirir”.
Düz 22 ildən sonra Ağdamın Quzanlı qəsəbəsində inşa olunan yeni “Çay Evi” artıq ağdamlıların istifadəsindədir.
Oxu.Az xəbər verir ki, vaxtilə Ağdamın simvolu sayılan “Çay Evi”nin uzun müddətdən sonra yenidən ağdamlılara qaytarılması onları sevindirir.
İndi rayon sakinləri həm gündüz, həm də axşam saatlarında bu məkana toplaşırlar:” Ağdamda “Çay Evi”ni bir dəfə görmüşdük və onu həmişə arzulayırdıq. Bu “Çay Evi” bizim istifadəmizə verilib. Biz bu gün onun həyətində oturub istirahət edirik, çay içirik, yorğunluğumuz çıxır” deyə Ağdam sakini Rahil Allahverdiyev bildirib.
Əski görkəmdə cəlbedici dizaynla inşa edilən 3 mərtəbəli təzə bina kənardan da diqqət çəkir. Elə ona görə də buraya tək yerli deyil, başqa rayonlardan olan insanlar da istirahət etməyə gəlirlər.
Sakinlər bu məkana üz tutanların rahatlığı üçün hər cür şəraitin yaradıldığını bildirirlər. “Çay Evi” həm də ağdamlıları ötən illərə qaytarır :”“Çay Evi” Ağdamın simvollarından biridir. Bizi istər-istəməz o illərə qaytarır. O, bizim idarənin yaxınlığında idi. Çox vaxt naharı orada edirdik. Ona görə bizə daha əziz idi. Bu gün də bu “Çay Evi”nin açılışı bizə niskil gətirir” deyə Ağdam sakini Bayram Məmmədov bildirib. Ancaq bu niskil həm də ağdamlılara belə bir “Çay Evi”nin yenidən Ağdam şəhərində inşa olunacağı ümidini verir.
Mənbə:> Oxu.Az