Meksikanın yeni səfiri Bakıda
Xarici işlər naziri Elmar Məmmədyarov Meksika Birləşmiş Ştatlarının Azərbaycan Respublikasına yeni təyin olunmuş ilk səfiri Xuan Rodriqo Labardini Flores ilə görüşüb.
XİN-nin mətbuat xidmətindən ANS PRESS-ə bildirilib ki, E.Məmmədyarov Xuan Floresi ölkəmizdə səfir təyin olunması münasibətilə təbrik edib və ona fəaliyyətində uğurlar arzulayıb.
Görüş zamanı Azərbaycan və Meksika arasındakı münasibətlərin hazırkı səviyyəsindən məmnunluq ifadə olunaraq, iqtisadi, xüsusilə enerji sektorunda əməkdaşlığın genişləndirilməsi baxımından perspektivlərin olduğu vurğulanıb.
Səfir fəaliyyəti dövründə Azərbaycan və Meksika arasında münasibətlərin inkişafı üçün səylərini əsirgəməyəcəyini bildirib.
X.Flores etimadnaməsinin surətini Nazir Elmar Məmmədyarova təqdim edib.
Mənbə:> ANSPRESS