Ərdoğan və Türkiyə üçün böyük an » AzNews.info -Xəbər portalı

Bölmə: Siyasət

Ərdoğan və Türkiyə üçün böyük an

Ərdoğan və Türkiyə üçün böyük an


“Ərdoğan və Türkiyə üçün böyük an” başlıqlı məqalədə AKP hökumətinin xarici siyasəti, iqtisadiyyat və kürdlərlə bağlı siyasət ayrı başlıqlar altında təhlil olunur.

“Türkiyədə demokratiyanın təhlükə altında olduğu bildirilir. Ancaq seçki ərəfəsində küçələr belə görünmür. Kəndlərdə yüzlərlə, şəhərlərdə on minlərlə adam siyasətçilərin çıxışlarını eşitmək üçün küçələrə axışır. Bundan əvvəl də seçki qutularında saxtakarlıq edilməsi iddiaları ortaya atılsa da, seçkilər böyük ölçüdə ədalətli keçirilib” - deyə nəşr yazır.

İqtisadi inkişaf yavaşıyıb

Məqalədə deyilir ki, 2001-ci ildən bu yana seçkilərdən qalib çıxan AKP-nin iyunun 7-də keçiriləcək seçkilərdə də qalib olmaq ehtimalı çoxdur. Məqalədə son 10 ildə güclənmiş iqtisadiyyatın durğunluq keçirdiyi, işsizliyin artdığı da vurğulanır.

Ərdoğanın konstitusiyanı dəyişdirib güclü prezidentlik sistemi qurmaq istədiyini bildirən jurnal yazır ki, “bu seçki Ərdoğanın bunu edib-etməyəcəyini ortaya çıxaracağı üçün Türkiyənin gələcəyi baxımından çox şey ifadə edir”.

“The Economist” AKP-nin populyarlığında iqtisadiyyatın böyük əhəmiyyəti olduğuna diqqət çəkir: “AKP ölkəni iflasın bir addımlığına sürükləmiş koalisiya hökumətlərindən sonra - Beynəlxalq Valyuta Fondunun 2001-ci ildə xilas planı dövründə hakimiyyətə gəldi. 2001-ci ildən bu yana inflyasiya azalıb, xarici sərmayələr artıb. Türkiyənin 10 il ərzində dünyanın ilk 10 iqtisadiyyatından biri olma hədəfi var. Ancaq iqtisadiyyatın artım sürəti aşağı düşür. Türk lirəsinin dollara nisbətdə kəskin ucuzlaşması bu zəifləməyə bir misaldır”.

Məqalədə Türkiyə iqtisadiyyatının əmlak və tikinti sektorundan asılılığı da qeyd olunur. Bildirilir ki, prezident Ərdoğanın Mərkəzi Banka qarşı olan çıxışı xarici sərmayədarların ölkəyə inamını azaldır. İşsizliyin artması, yüksək texnoloji məhsulların istehsal olunmaması da Türkiyə iqtisadiyyatının zəifləməsi ilə bağlı sadalanan qeydlər sırasındadır.

Xarici siyasət

Məqalədə Türkiyənin xarici siyasəti də təhlil olunur. İqtisadi və Xarici Siyasət Araşdırma Mərkəzinin rəhbəri Sina Ülgen bildirir ki, “Ərdoğan yerli seçkilər üçün xarici siyasəti məhv edib”.

Məqalədə deyilir ki, üç il əvvəl Ərdoğanın xarici siyasətini Qərb və Yaxın Şərq alqışlamışdı. Ancaq indi bu siyasətin bəzi qolları uğursuzluğa düçar olub: “Türkiyənin Suriyadakı kürdləri müdafiə etməkdə istəksiz görünməsi Qərbdə qınandı. Misirdə Mursinin üsyanla devrildiyi, Suriyada hakimiyyətin hələ də Əsədin əlində olduğu bir vaxtda Türkiyə ərəb dünyasına nümunə olmaqdan uzaqlaşır. Hazırda Türkiyə Misir, İsrail, Liviya və Suriyada, bundan başqa “erməni soyqırımı” ilə bağlı müzakirələrə görə Avstriya və Vatikanda səfiri olmayan qəribə bir mövqeyə gəlib çıxıb”.

Yazıda belə bir vəziyyətin Ərdoğanın ölkə daxilində dəstəyi itirməsinə də səbəb olduğu bildirilir.

Kürd siyasəti

Məqalənin son hissəsi kürdlərlə bağlıdır. Ərdoğanın ölkədə 15 milyon kürdlə barışığa can atmasının təqdirəlayiq olduğu bildirilir: “Ərdoğan PKK-nın həbsdəki lideri Abdullah Öcalanla danışıb kürdlərlə razılaşmanı təmin etmək üçün əvvəlki liderlərdən daha artığını etdi”.

Məqalədə Xalqların Demokratik Partiyasının (HDP) parlamentə girməsi məsələsinə də toxunulur.

“The Economist”in qənaətinə görə, HDP 10 faizlik səddi aşıb parlamentdə təmsil olunarsa, bu münasibətlərə çox müsbət təsir göstərə bilər: “Ancaq HDP-nin parlamentdə nümayəndəsi olmasa, sülh danışıqlarının müddəti sona çata bilər”.

Məqalədə deyilir: “HDP seçki baryerini aşmasa, səslər digər partiyalara verilsə, Ərdoğan konstitusiyanı dəyişdirə biləcək millət vəkili sayı əldə edərək güclü prezidentlik sisteminə qovuşa bilər”.

1982-ci ildə hərbçilərin yazdığı konstitusiyanın dəyişdirilməsinin elə də pis fikir olmayacağını bildirən “The Economist” yazır: “Ərdoğanın güclü prezidentlik planları narahatedicidir. Onun gücünə nəzarət edə biləcək mexanizmlər aradan qaldırılıb. Onu tənqid edənləri əzir. Tənqid edən qəzetlərə vergi cəzaları gəlir, yazarlar işdən qovulur. Keçən il Türkiyə dünyada jurnalistlərin - onların sayı 40-a çatır - ən çox həbsdə olduğu ölkə idi”.

Məqalədə həmçinin hökumətin sosial mediaya qadağaları, iki il əvvəl “Gəzi parkı” etirazlarına sərt müdaxiləsi, “Gülən camaatı” ilə qarşıdurması, korrupsiya iddiaları, hüquq və polisə nəzarəti artırmağa yönəlmiş yeni qanunlara da toxunulur. Bununla da Türkiyənin iki yol arasında olduğu göstərilir.

“Bir tərəfdə Türkiyədə fərqli düşünənləri daha çox əzib Qərbdəki müttəfiqlərinə daha çox meydan oxuya biləcək güclü bir avtokrat prezident, digər tərəfdə isə ölkədəki müxalifəti də yanına çəkib iqtisadiyyatda islahatlar aparacaq bir hökumət var. İkinci yol HDP-nin parlamentə daxil olmasından keçir” - deyə nüfuzlu nəşr yazır.

Mənbə: Virtualaz.org
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *