Daha bir ölkədə “AvroMaydan” – FOTO
Dərinləşən siyasi böhranla üzləşən Makedoniyada minlərlə insan bu gün paytaxt Skopye (Üsküp) küçələrinə çıxaraq baş nazir Nikola Qruevskinin istifasını tələb edib.
ANS PRESS-in məlumatına görə, ölkə liderinə qarşı təzyiqlər bu ilin əvvəli telefon dinləməsi qalmaqalı ilə başlamış və Qruevskinin 9 illik hakimiyyəti dövründə hökumətin media, hakimlər və seçkilərə necə ciddi nəzarət etdiyi barədə sualları yol açmışdı.
Bir həftə əvvəl də paytaxtın şimalında gərginlik yaşanmışdı. Kumanovo şəhərində polislə silahlı şəxslər arasında qarşıdurma zamanı 8 polis işçisi və 14 hücumçu ölmüşdü. Makedoniya rəsmiləri silahlıların ölkədə xaos yaratmağa çalışdığını söyləməsinə baxmayaraq, ölkədəki alban mənbələr deyib ki, rəsmilər Qruevski hökumətini qorumaq üçün qarşıdurmanı qızışdırıb.
Baş nazir öz növbəsində tərəfdarlarını sabah nümayiş keçirməyə çağırıb.
Xatırladaq ki, Makedoniya 2001-ci ildə alban silahlıların daha geniş siyasi hüquqlar tələb etməsi ilə vətəndaş müharibəsindən güclə yan keçə bilmişdi. Aylarla davam edən qarşıdurmalardan sonra tərəflər atəşkəsə nail ola bilmişdi.
Bəzi ekspertlər bildirir ki, Makedoniyada son baş verən hadisələr ABŞ təsiri ilədir. Onlar iddia edirlər ki, ABŞ “Türkiyə axını” qaz kəmərinə qarşı Makedoniyada rəngli inqilab hazırlayır.
Mənbə:> ANSPRESS