Xameyni ABŞ-ın iç üzünü açdı
İranın ali dini lideri Ayətulla Əli Xameyni Yaxın Şərqdə hücuma məruz qalan bütün ölkələri dəstəkləyəcəyini bildirib.
ANS PRESS-in məlumatına görə, o, bunu Tehranda İran rəsmiləri və müsəlman ölkələrinin səfirləri qarşısında çıxış edərkən bildirib. Dini lider həmçinin Səudiyyə Ərəbistanının və onun başçılıq etdiyi koalisiya qüvvələrinin Yəmənə etdiyi hava hücumlarını da sərt tənqid edib.
"Fars körfəzinin təhlükəsizliyi həmin regiondakı ölkələrin məsuliyyətidir. Bu körfəz həmin ölkələr üçün doğma evdir və orada təhlükəsizliyin qorunması bütün dünya ölkələri üçün sərfəlidir", - deyə Xameneyi bildirib.
Ali dini liderin sözlərinə görə, dünya hal-hazırda Yaxın Şərqdə xalqların oyanışını müşahidə edir. "Bu İslam oyanışını heç nə ilə boğmaq mümkün olmayacaq", - deyə Xameyni əlavə edib.
Öz çıxışı zamanı Xameyni ABŞ-ı regionda terrorizmi gizli dəstəkləməkdə və Fars körfəzində vəziyyəti gərginləşdirməkdə də günahlandırıb. "ABŞ Fars körfəzində öz maraqlarını güdür", - deyən Xameyni əlavə edib ki, İran terrorizmlə mübarizəsini və bu mübarizəni aparan dost ölkələrə köməyini davam etdirəcək.
Mənbə:> ANSPRESS