Jirinovski qondarma “erməni soyqırımını” tanıyanlara səsləndi
Rusiya Dövlət Dumasının dünənki iclasında ölkənin Liberal-Demokratik Partiyasının (LDPR) rəhbəri Vladimir Jirinovski qondarma “erməni soyqırımı” ilə bağlı qətnaməni dəstəkləmiş həmkarlarını sərt tənqid edib.
Əsas zərbə isə hakim “Yedinaya Rossiya” partiyasından olan deputat Mixail Markelova dəyib.
Oxu.Az xəbər verir ki, bu barədə məlumatı LDPR-in Dövlət Dumasındakı fraksiyası yayıb.
“Siz bizim dünyada xristianların sıxışdırılmasının yolverilməzliyi haqqında bəyanatımızı dəstəkləmirsiniz. Bəs onda nə üçün qondarma “erməni soyqırımı” haqqında qərarın lehinə səs verdiniz? Nə üçün bunu etdiniz? Belə çıxır ki, qərar ermənilərin xeyrinə qəbul olunub. Türklər isə bizdən uzaqlaşdılar. “Türk axınını” da bağlayacaqlar. Bunu siz, “Yedinaya Rossiya” etdi.
Hansısa məntiq olmalıdır. Belə çıxır ki, sizə zəng etsələr istənilən qərara səs verəcəksiniz. Əgər Kremldən sizə dünyada xristianların sıxışdırılması barədə qanun layihəsi təqdim etsə idilər, siz “lehinə” səs verərdiniz.
Siz Türkiyəni hirsləndirdiniz, indi türklər Gürcüstanı NATO-ya çağırırlar. Günah isə sizdədir. Axı türklər bizi dəstəkləyirdilər. Lakin siz Ermənistanla bağlı qərar qəbul etdiyiniz üçün türklər bizdən uzaqlaşdılar. Siz Türkiyə ilə münasibətlərimizi pozursunuz”, - deyə, LDPR-in lideri Jirinovski öz partiyasının “Tarixi dərslər və müasir dünyada xristianların sıxışdırılmasının yolverilməzliyi haqqında” qanun layihəsi ilə bağlı çıxışında bəyan edib.
Mənbə:> Oxu.Az