AB-dən ermənilərə zərbə
Avropa İttifaqı Dağlıq Qarabağda qondarma rejimin elan etdiyi “parlament seçkiləri”ni qəbul etmir və bu seçkilərin regionun gələcək statusunu müəyyən etməyə kömək etməyəcəyini bəyan edib.
ANS PRESS-in məlumatına görə, bu barədə Avropa İttifaqının diplomatik xidmət rəhbərinin nümayəndəsinin bəyanatında deyilir:
“Dağlıq Qarabağda mayın 3-də keçiriləcək “parlament seçkiləri” haqqında məlumatlar fonunda xatırladırıq ki, Avropa İttifaqı bu seçkilərin keçirildiyi konstitusiya və normativ çərçivələri qəbul etmir. Bu prosedurlar Dağlıq Qarabağın gələcək statusunu əvvəlcədən müəyyən edə və danışıqlar prosesinə təsir edə bilməz”- deyə sənəddə qeyd olunur.
Bundan əlavə Avropa İttifaqı qeyd edib ki, ATƏT-in Minsk Qrupunun və onun həmsədrlərinin status-kvonun aradan qaldırılmasına və sülh danışıqlarının başlamasına yönəlmiş səylərini dəstəkləyir.
“Avropa İttifaqı münaqişənin dinc yolla həllinə yönəlmiş digər dəstək səyləri göstərməyə hazırdır”- deyə bəyanatda bildirilir.
Bundan əvvəl ABŞ dövlət departamenti də qondarma rejimin parlament seçkilərini tanımadığını qeyd edib.
Mənbə:> ANSPRESS