Koalisiya qüvvələri İran təyyarəsinə hücum etdi
Ərəb koalisyasına aid qırıcı təyyarələr Yəməndə husilərə yardım aparan İran təyyarəsinin enməsinin qarşısını almaq üçün Sana hava limanını bombardıman ediblər.
ANS PRESS-in məlumatına görə, “əl Ərəbiyyə” kanalı Sana hava limanına yaxınlaşan İran təyyarəsinə radiostansiya ilə xəbərdarlıq olunduğunu, təyyarə heyətinin xəbərdarlığa məhəl qoymayaraq uçuşa davam etdiyini bildirib.
Bundan sonra koalisiya qüvvələri İran təyyarəsinin enməsinin qarşısını almaq üçün Sana hava limanının eniş zolağını bombardıman edib.
Hava limanına enə bilməyən İran təyyarəsi geri qayıtmağa məcbur olub.
İranın rəsmi xəbər agentliyi “İrna” həmin təyyarənin “Qırmızı Aypara” cəmiyyətinə aid olduğunu, bölgəyə səhiyyə və ərzaq yardımı apardığını bildirib.
Ərəb koalisiyası təxminən 1 aydır Yəməni havadan və dənizdən mühasirəyə alıb və husi üsyançılarını mütəmadi olaraq bombardıman edir.
Mənbə:> ANSPRESS