Azərbaycanda Stalinin heykəl(lər)i – FOTO
Qax rayonun Əlibəyli kəndində keçmiş SSRİ rəhbəri İosif Stalinin hündürlüyü təxminən 7-8 metrə çatan heykəli hələ də qalmaqdadır.
ANS TV-nin məlumatına görə, heykəl kəndin mədəniyyət evinin binası qarşısında ucaldılıb. Sakinlərinin əksəriyyətini gürcülər təşkil edən Əlibəyli kəndində bu abidənin mövcudluğuna heç kim narazı deyil.
“Stalinin abidəsi 50-ci illərdə ucaldılıb. O vaxtdan buradadır. Hər il də burada təmir işləri aparılır. Ancaq bu il hələ ki, təmir işləri aparılmayıb”, – deyə Əlibəyli kənd sakini Zaur Emraşvili bildirib.
Stalinin heykəli burada milliyyətcə gürcü olan kənd sakini İosif Amzaşvilinin təşəbbüsü ilə qoyulub.
Sakinlərin sözlərinə görə, heykəlin ayaq hissəsində betonun içinə bir şüşə çaxır da yerləşdirilib.
“Bu heykəl heç kimə ziyan vermir. Əgər göturmək lazım olsa aparacaqlar. Onu təmir etmək lazımdır. Hazırda yaxşı görünmür”, - Əlibəyli kənd sakini Lera Şuaşvili qeyd edib.
Sakinlərdən onu da eşitdik ki, bir vaxtlar abidənin yerində başqa tikilinin inşa ediləcəyi bildirilsə də bu, indiyədək reallaşmayıb.
Maraqlıdır ki, Qaxın digər bir kəndində Qaxingiloyda da Stalinin heykəli qalmaqdadır.
Mənbə:> ANSPRESS