24 aprel: kim uduzdu, kim uddu? » AzNews.info -Xəbər portalı

24 aprel: kim uduzdu, kim uddu? – TƏHLİL

24 aprel: kim uduzdu, kim uddu?


Bir neçə il idi ki, regionu yaxından izləyənlər tərəfindən ən maraqla gözlənilən məqamlardan biri 24 aprel 2015-ci il tarixi idi: Uydurma soyqırımı iddiasını irəli sürənlərin “100-cü ildönümü” fəaliyyətləri Türkiyə üçün hansı sürprizlərlə nəticələnəcək, Türkiyəyə və Türk millətinə hansı zərbələr vurulacaqdı?

Bu istiqamətdəki gözləntilər əbəs deyildi. Çünki uydurma soyqırımı iddialarının dünya gündəmində yer almasının səbəbkarları sadəcə Ermənistan və erməni lobbisi deyil, eyni zamanda regionla bağlı imperial maraqları olan güclər idi. O güclər ki, Anadoluya və Cənubi Qafqaza dair maraqlarını reallaşdırmaq üçün milli münaqişələrin alovlanmasına və kütləvi köçlərə səbəb olmuş, erməniləri Osmanlıya qarşı təşkilatlanmağa, silahlanmağa, terror və qətliamlar törətməyə təşviq etmişdilər. Bütün bunlar xüsusilə I Dünya Müharibəsi atmosferində şiddətləndiyi zaman Osmanlını idarə edənlər döyüş bölgələrindəki ermənilərin başqa ərazilərə köçürülməsi ilə bağlı qərar qəbul etmişdi. Qarşıdurmalar və köçlər zamanı xeyli sayda müsəlman əhali ilə yanaşı ermənilər də həyatını itirmişdi. Osmanlı I Dünya Müharibəsinin məğlub ölkələri cərgəsində olsa və bir neçə dövlət tərəfindən işğal edilsə də, Anadoluda başlayan qurtuluş müharibəsi bu işğalların ortadan qalxması ilə nəticələnmiş, imperialist güclər və onların vədləri ilə qətliamlar törətmiş erməni dəstələri xəyal qırıqlığı yaşamışdılar. Bu nəticədən narazı qaldıqları üçün də həm özlərinə təskinlik vermək, həm də məqsədlərini reallaşdırmaq istiqamətində səylərini davam etdirmək üçün “Erməni soyqırımı” yalanına sarılmışdılar.

Bir yandan Ermənistanın və erməni lobbisinin təşkilatlı və ardıcıl fəaliyyəti, digər yandan da böyük güclərin bir hissəsinin öz maraqları naminə bu fəaliyyətlərə dəstək vermələri (bəzən də əslində bu cür fəaliyyətləri planlaşdırmaları və maliyyələşdirmələri) və bütün bunlar nəticəsində Türkiyə əleyhinə daha öncə qəbul olunmuş qərarlar 2015-ci il üçün Ermənistanı və Erməni lobbisini ümidləndirir, Türk tərəfində isə narahatlığa səbəb olurdu.

Bu atmosfer içində başlayan 2015-ci ilin ilk sürprizini Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan etmişdi. Ərdoğan Azərbaycan prezidenti İlham Əliyev ilə birgə mətbuat konfransı zamanı bu il 24 apreldə Çanaqqala döyüşlərinin 100-cü ildönümünün qeyd olunacağını, bu tədbir üçün dünyanın bir çox dövlət və hökumət başçılarına dəvət göndərildiyini açıqlamışdı. Öz növbəsində Azərbaycan prezidenti İlham Əliyev aprelin 24-də Çanaqqala zəfərini birlikdə qeyd edəcəklərini bildirərək, bu tarixin seçilməsinə görə minnətdarlıq etmişdi.

Beləliklə, 24 aprel tarixi artıq Türkiyə üçün yox, Ermənistan və ondan istifadə etməyə çalışan güclər üçün narahatlıq yaratmağa başlamışdı. Məsələyə dərhal reaksiya verən Ermənistan, 24 aprel tarixinin Çanaqqala döyüşü ilə əlaqəsinin olmadığını, bu tarixin sırf uydurma soyqırım tarixinə görə seçildiyini iddia etmişdi. Şübhəsiz ki, bununla bağlı fərqli mövqelər bildirilə bilər. Amma məsələyə sırf tarixi aspektdən yanaşdıqda 24 aprelin Çanaqqala döyüşlərinin ildönümü kimi qeyd olunmasının mənəvi əsasları daha çoxdur, nəinki ermənilərin iddia etdiyi hadisələrin. Belə ki, Çanaqqalada dəniz döyüşləri 19 fevral - 18 mart 1915-ci il tarixlərdə getmiş, quru döyüşləri isə 1915-ci ilin 24 aprelini 25 aprelinə bağlayan gecə başlamış və 9 yanvar 1916-cı ildə başa çatmışdı. Sırf Ermənilər baxımından 24 aprel tarixi onların iddia etdiyi “kütləvi qətliamların yaşandığı” köçlərin başladığı tarix belə deyil. Daha əvvəl terror aksiyaları həyata keçirən, kiçik qətliamlar törədən erməni silahlı dəstələri aprelin 17-də Vanda təxminən 5 min nəfərin ölümü ilə nəticələnən böyük qətliamlar həyata keçirdikdən sonra aprelin 24-də Daşnak, Hnçak və Ramqavar silahlılarının (məsələn, İstanbulda yaşayan 77.735 ermənidən sadəcə terror fəaliyyətlərində iştirak edən 235 nəfərin) həbs olunması ilə bağlı qərar qəbul edilmişdi. Həbs olunanlar da edam edilməmiş, Ankaradakı həbsxanalara göndərilmişdilər. Qarşı tərəfin iddia etdiyi “kütləvi qətliamların yaşandığı” köçlərlə bağlı qərar isə 27 may 1915-ci il tarixdə qəbul edilmişdi.

24 aprel ərəfəsində Roma Papası I Fransiskin, Rusiya prezidenti Vladimir Putinin və Almaniya prezidenti Yoahim Qaukun açıqlamaları, Avropa Parlamentinin qərarı, Avstriya və Rusiya parlamentlərində qəbul olunan bəyanatlar Ermənistanı müəyyən dərəcədə sevindirsə də, bu ölkənin paytaxtında keçirilən və uzun illərdir hazırlıqları görülən “100-cü ildönümü” tədbirlərində sadəcə 4 dövlətin prezidentinin iştirak etməsi Ermənistan üçün kifayət qədər qanqaraldıcı oldu. Eyni zamanda nəzərə almaq lazımdır ki, bu 4 dövlətdən Yunan Kipri və Serbiyanın Türkiyənin regional siyasəti ilə bağlı reaksiyaları məlumdur, Rusiya və Fransa isə həm də 100 il əvvəlki hadisələri planlaşdıran dövlətlər arasındadır. Buna baxmayaraq Putin İrəvandakı çıxışında “soyqırım” ifadəsini işlətmədi, Fransa prezidenti Fransua Olland isə elə həmin gün Azərbaycana gələrək Ermənistana səfərinin motivini azacıq da olsa dəyişdirməyə, regiona səfərinin bir parçası görüntüsü verməyə çalışdı.

Halbuki, qısa vaxt öncə elan edilməsinə baxmayaraq Çanaqqalada ilə bağlı keçirilən tədbirlərdə 20-dən çox dövlətin prezidenti, 4 dövlətin baş naziri, Avropa Şurasının Baş katibi Thorbjorn Jagland da daxil olmaqla bir neçə beynəlxalq təşkilatın rəhbəri, parlament sədrləri və nazirlər iştirak etdi. Ermənistanın iddiasını dəstəkləyən qərar və açıqlamalara gəldikdə isə Vatikan, Rusiya, Fransa və Avropa Parlamenti oxşar mövqeyi daha əvvəl də ortaya qoymuşdular. Yəni onların addımı bir növ “əvvəlkinin təkrarı”ndan ibarət oldu. Almaniyanın addımı yenilik olsa da, əslində gözlənilən idi. Çünki “soyqırım törədən ilk dövlət” imicini üstündən atmağa çalışır və az qala yəhudilərə qarşı törədilən soyqırımın da günahını Türkiyəyə yükləmək istəyir. Bunu illərdir planlaşdırır və düşünürdülər ki, “100-cü il” ərəfəsində bu mövqenin ortaya qoyulması Ermənistan cəhətdən daha təsirli olacaq, eyni zamanda dünyanın əksər yerlərində Türkiyə əleyhinə qərarlar və açıqlamalar olacağı üçün Almaniyaya reaksiya elə də sərt olmayacaq. Düşüncələrinin ikinci hissəsi reallaşmadığı üçün Türkiyənin Almaniyaya reaksiyası Rusiya və Fransaya qarşı olduğu kimi sərt oldu.

Nəticə kimi qeyd etmək mümkündür ki, bu il ilk dəfə 24 aprel tarixi Türkiyə və türklər tərəfindən əsasən narahatlıq və azacıq da qorxu ilə gözlənilən gün olmaqdan çıxdı, öz dövrünün əsl mahiyyətinə yaxınlaşdı. Bu mahiyyət isə böyük güclərin regionla bağlı imperial məqsədləri üçün “Erməni amili”dən istifadə etməyə çalışmalarından, ilk mərhələdə buna müəyyən dərəcədə nail olmalarından və Erməni tərəfinin də bundan müəyyən dərəcədə faydalanmasından, amma daha sonra Anadoludakı Türk gücü qarşısında geri çəkilmədən, erməni tərəfinin məyusluğundan və söz verənlərin əksəriyyəti tərəfindən yalnız qoyulmalarından ibarətdir. Bu mahiyyət bir daha göstərdi ki, regionumuzun ehtiyacı olan sülh və əməkdaşlıq mühiti kənar qüvvələrin dəstəyi ilə formalaşdırılan kin və nifrət hissləri ilə, işğalçılıq siyasəti ilə və qətliamlar törətməklə yox, işğalçılıqdan vaz keçməklə formalaşdırıla bilər. Türkiyə və Azərbaycanın kənarda hazırlanan planlar qarşısında birgə mövqe nümayiş etdirmələri hər iki dövlətin bəziləri eyni, bəziləri fərqli olan dostlarını və rəqiblərini düşünməyə və daha ehtiyatlı addımlar atmağa vadar edir. Enerji və təhlükəsizlik amilinə əsaslanan bu strategiya yəqin ki, gələcəkdə daha uğurlu nəticələrə səbəb olacaq.

Digər tərəfdən qeyd etmək lazımdır ki, gedişat müsbətə doğru olmaqla yanaşı, vəziyyət tam arzuolunan səviyyədə deyil. Bəzən fəaliyyətlərin koordinasiya olunmaması arzuolunan nəticələrin tam əldə edilməsinə mane olur. Bundan əlavə bəzi türk rəsmilərin tarixə əsaslanmayan, Ermənistanın mövqeyini gücləndirən və türk ictimai rəyində çaşqınlıq yaradan açıqlamaları da mənfi amil kimi diqqət çəkir.

Uydurma “Erməni soyqırımı” iddiaları ilə bağlı səylərin heç vaxt tam bitməyəcəyi aydındır. Artıq qeyd olunduğu kimi, bu məsələdə təkcə Ermənistan tərəfi maraqlı deyil, işin içində erməni lobbisi, regionda maraqları olan güclər də var. Həmin güclər “soyqırımı” silahından hər zaman Türkiyəyə qarşı istifadə etməyə çalışacaqlar. Eyni zamanda nəzərə almaq lazımdır ki, soyqırımı iddiası Ermənistan üçün uzaq keçmişdən daha çox yaxın keçmiş və gələcəklə bağlıdır. Ermənistan qondarma “erməni soyqırımı” məsələsini həm də Azərbaycan ərazilərini işğal etdiyini, bu ərazilərdə törətdiyi soyqırımı kölgədə qoymaq, işğalçılığının əvəzində cəza yox mükafat almaq üçün qabardır. Bu səbəbdən də, Ermənistanın iddialarının qarşısındakı fəaliyyətlər ilə bağlı seçilmiş mövcud strategiya, yəni bir yandan soyqırımı yalanının ortaya qoyulması, digər tərəfdən isə bu dövlətin hazırkı işğalçılıq siyasətinin və törətdiyi soyqırımların dünyaya tanıdılması düzgün xətt olardı. Sadəcə yuxarıda qeyd olunan əskikliklərin aradan qaldırılması daha ciddi nəticələrə səbəb olacaq.

Mənbə: APA - Araz Aslanlı
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *