AB komissiyası soyqırım demədi
Avropa Birliyi Xarici İşlər üzrə ali nümayəndəsi Federika Moqerininin mətbuat sözçüsü Maya Koçiyançik 1915-ci il hadisələrindən danışarkən “soyqırımı” sözünü işlətməyib. ANS PRESS-in məlumatına görə, mətbuat konfransında çıxış edən Koçiyançik daha əvvəl olduğu kimi 1915-ci il hadisələrini faciə adlandırıb.
“Türkiyə ilə Ermənistan arasında normallaşma prosesinə ehtiyac olduğunu vurğulayırıq. Sülhə, əlavə addımlar atmağa və keçmişi müzakirə etməyə ehtiyac olduğunu vurğulayırıq” – deyə Koçiyançik bildirib.
Xatırladaq ki, Koçiyançık iki gün əvvəl, Avropa Parlamentinin (AP) qərarı nə olursa olsun, Avropa Birliyinin (AB) öz mövqeyinə sadiq qalacağını bildirmişdi.
Ötən gün isə Avropa Parlamenti "erməni soyqırımı" barədə qanun lahiyəsini qəbul edib.
Türkiyəyə 1915 hadisələrini "soyqırımı" olaraq tanınması barədə çağırış edən Avropa Parlamenti Avropa Birliyi ölkələrini də bu istiqamətdə addım atmağa səsləyib.
Avropa parlamentinin bu qərarı məcburi xarakter daşımır.
Mənbə:> ANSPRESS