Kvasnevski Bakıya gələcək
Polşanın eks-prezidenti, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvü Aleksandr Kvasnevski III Qlobal Açıq Cəmiyyətlər Forumunda iştirak etmək üçün Azərbaycana gələcək. Diasporla İş üzrə Dövlət Komitəsindən ANS PRESS-ə verilən məlumata görə, polşalı dövlət xadimi Forumun “Avropa Birliyi və onun qonşuluq siyasəti” mövzusuna həsr olunmuş panel iclasında çıxış edəcək.
Qeyd edək ki, 1995-ci ildən 2005-cii ilədək ölkəsinə 10 il rəhbərlik etmiş Aleksandr Kvasnevski hazırda Corctaun universitetində müasir Avropa siyasəti, transatlantik münasibətlər, Mərkəzi və Şərqi Avropanın demokratikləşməsi mövzularını tədris edir.
Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə Nizami Gəncəvi Beynəlxalq Mərkəzi tərəfindən aprelin 27-30-da Bakıda təşkil ediləcək III Qlobal Açıq Cəmiyyətlər Forumunda Qırğızıstan Prezidenti Almazbek Atambayev, Makedoniya Prezidenti George İvanov, Bolqarıstan Prezidenti Roşen Plevneliyev, Andorranın Baş naziri Antoni Marti də daxil olmaqla 10-dan çox ölkənin hazırkı prezident, baş nazir və xarici işlər nazirinin iştirakı planlaşdırılır. Beynəlxalq forumda həmçinin, bır sıra ölkələrin sabiq dövlət və hökumət başçıları, siyasi xadimlər, elm adamları və ekspertlərin - ümumilikdə 75 ölkədən 350-yə yaxın nümayəndənin iştirakı nəzərdə tutulub.
“Yeni dünya düzənində etimadın bərpa olunması” mövzusuna həsr olunan III Forumda dünyanı narahat edən məsələlər – etnik və digər zəmində baş verən münaqişələr, terror təhdidləri, demokratiyanın inkişafı, təhsil, ekologiya və bir sıra qlobal problemlərə dair geniş fikir mübadiləsi aparılacaq.
Mənbə:> ANSPRESS