Musa Quliyev: Pensiya yaşına beş il qalanların işdən çıxarılması məsələsinə baxıla bilər » AzNews.info -Xəbər portalı

Bölmə: Siyasət, Sosial

Musa Quliyev: Pensiya yaşına beş il qalanların işdən çıxarılması məsələsinə baxıla bilər

Musa Quliyev: Pensiya yaşına beş il qalanların işdən çıxarılması məsələsinə baxıla bilər


Oxu.Az-ın müxbirinin suallarını Milli Məclisin (MM) Səhiyyə, Əmək və sosial siyasət komitələrinin üzvü Musa Quliyev cavablandırır:

- Musa müəllim, Ombudsman Elmira Süleymanova son bir illik fəaliyyəti ilə bağlı hazırladığı və parlamentə göndərdiyi hesabatında bir sıra təkliflərlə çıxış edib və həmin təkliflərdən birində də pensiya yaşına 10 il qalmış qadınların, yeddi il qalmış kişilərin əmək müqaviləsinin ləğv edilməsinin qadağan olunmasını irəli sürür. Siz bu barədə nə deyərdiniz? Bu məsələ mümkündürmü, realdırmı?

- Ombudsmanın təklifi prinsipcə yaxşı təklifdir. Şəxsən mən də onu dəstəkləyirəm. Çünki bir çox hallarda yaşlı, pensiya yaşına yaxınlaşmış insanlar yenidən iş tapa bilmirlər.

Ya onların ixtisasına uyğun iş olmur, ya da başqa işə uyğunlaşa bilmirlər. Onlar üçün yenidən təkmilləşmə, ixtisasartırma kursları keçmək çətin olur. Eyni zamanda, hər bir müəssisə, hər bir təşkilat istəyir ki, cavan, daha perspektivli, daha məhsuldar işçi götürsün.

Yəni öz müəssisəsinin qayda-qanununu, yaxud da iş prinsiplərini onlara öyrətmək nisbətən daha asan olsun, onları daha tez inkişaf etdirib yetişdirə bilsin. Bu mənada, yaşlı insanların kənarda qalmaması üçün belə bir məhdudiyyətin qoyulması mümkündür. Amma bunu imperativ qaydada heç bir halda qanuna daxil etmək mümkün deyil.

Sadəcə, tövsiyə vermək və ya istər qadınlarla, istər kişilərlə bağlı “beş il qalmış tövsiyə edilmir” yazmaq olar, yaxud da onlara hansısa güzəştli şərtlər tövsiyə oluna bilər ki, ən axırıncı halda ixtisar edilsinlər. Yəni elə birinci dəfədən ixtisara salınmasınlar.

Bununla belə, təbii ki, heç bir özəl struktura belə bir göstəriş, tapşırıq vermək olmaz ki, kimisə saxla, kimisə saxlama. İkinci tərəfdən ola bilər ki, hansısa müəssisə, özəl təşkilat bağlanır və ya ixtisar gedirsə, yaxud o işçini hər hansı səbəbdən saxlamaq həmin müəssisə üçün əlverişli deyilsə, o zaman şərtlər müəyyənləşməlidir.

- Necə hesab edirsiniz, Ombudsmanın təklifi qanunvericilikdə əksini tapacağı təqdirdə, məsələnin çözümü, onun icrası necə ola bilər?

- Əslində, Əmək Məcəlləsində ixtisarlarla bağlı maddə var və orada açıq şəkildə göstərilir ki, işçilər hansı halda ixtisar oluna bilməzlər.

Həmin maddədə “pensiya yaşına beş il qalmış işçilərin ixtisarına yol verilmir” və yaxud “tövsiyə olunmur” şəklində yazmaq olar. Ümumiyyətlə, belə götürəndə Ombudsman bu təklifi irəli sürməklə öz xoş münasibətini, xoş niyyətini bildirmiş olur və yəqin ki, onun təklifi müzakirə olunanda fikirlər daha da konkretləşər.

Mən də o fikirdəyəm ki, yaşlı insanların, xüsusilə pensiya yaşına az qalmış şəxslərin işinə davam etmələri daha məsləhətlidir. Çünki onlar hər hansı bir səbəbdən işdən çıxarılırsa, təcrübə də göstərir ki, yenidən işə bərpa oluna bilmirlər və ya yeni iş yeri tapa bilməyərək işsiz qalırlar.

- Son illər istər dövlət srtukurlarında struktur dəyişiklikləri ilə bağlı, istərsə də özəl sektorda böyük miqyasda ixtisarlar baş verir. Kütləvi ixtisarların qarşısını almaq üçün qanunvericilikdə hansısa dəyişikliklərin edilməsi mümümkündürmü?

- Bu, mümkün deyil. İstehsal, idarəetmə prosesi, məşğulluq məsələsi canlı orqanizm kimi bir şeydir. İnkişaf edir, qocalır, ölür. Yəni müəssisələr də belədir, onlar da eyni ilə bu mərhələni keçir, yaşayırlar.

Müəssisələr gah böyüyür, gah kiçilir, gah formasını dəyişir, gah ləğv olur. Elə müəssisələr var ki, müəyyən dövrlərdə uğurla işləyir, öz fəaliyyətini genişləndirir, daha çox işçi qüvvəsi özünə cəlb edir, ancaq müəyyən müddətdən sonra onun fəaliyyətində uğursuzluq başlayır və bu zaman müəyyən sahələrini ixtisar etməyə, işçilərinin sayını azaltmağa məcbur olurlar.

Xüsusilə özəl sektorda daha yaxşı, daha enerjili işçilərə üstünlük verilir, onlar qorunub, saxlanılır. Orada yaş faktoru artıq heç bir önəm kəsb etmir. Ancaq tövsiyə etmək olar ki, imkan daxilində işçiləri saxlasınlar.

Digər tərəfdən, bizim “Məşğulluq haqqında” qanunumuzda da bu yöndə müəyyən tövsiyələr var. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi özünüməşğulluq proqramları hazırlayır və odur ki, ixtisara düşən işçiləri həmin özünüməşğulluq proqramlarına cəlb etmək olar.

Eyni zamanda, ixtisarlarla bağlı onlara böyük məbləğdə müavinətlər də nəzərdə tutulur. Amma hər halda istər müavinət, istər başqa iş olsun, onlar yaşlı adamın əvvəlki işini əvəz eləmir. Çünki o neçə illərdir ki, o işə öyrəşib, bunun həm də sosial və psixoloji tərəfləri var.

- Yeri gəlmişkən, Ombudsman neçə illərdir Aliment Fondunun yaradılmasını da təklif edir...

- Bəli, bu məsələ də neçə müddətdir müzakirə olunur. Ancaq açığını deyim ki, mən onun tərəfdarı deyiləm. Çünki Aliment Fondu yaradılacaqsa, aliment ödəməyən valideynlər - kişilər məsuliyyəti itirəcəklər. Bu məsələ dövlətin və büdcəyə öz gəlirindən vergi ödəyən vicdanlı vətəndaşın üzərinə düşəcək. Yəni o vicdansızın hərəkətinin ağırlığını vicdanlı insan çəkməli olacaq.

Aliment Fondu yaratmaq olar, amma mütləq və mütləq aliment ödəməyən adamı da hər hansı bir işə məcburi şəkildə cəlb edib, alimenti həmin fonda ödəməsini şərt kimi qoymaq olar. Yəni bununla Aliment Fondu təkcə dövlət büdcəsinin hesabına formalaşmasın və aliment ödəməyən şəxslər məsuliyyətdən kənarda qoyulmasın.

Mənbə: Oxu.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *