İnsanlar uzun ömür yaşayır, buna görə də pensiya yaşı qaldırılır -SƏLİM MÜSLÜMOV
“APA-Economics” xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov deyib.
Nazirin sözlərinə görə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin müvafiq İşçi Qrupunun apardığı tədqiqatlar göstərir ki, əvvəlki onillikdə mövcud olmuş işçi qüvvəsinin orta gəlirli iş yerləri ilə təmin olunmasını təmin etməliyik: “Ölkədə iqtisadi şəraitin son dərəcədə yaxşılaşması nəticəsində doğumun sürətlə artması və həmin doğmuş gənc insanların bir neçə ildən sonra əmək bazarına qədəm qoyması, Strateji Yol Xəritələrində nəzərdə tutulan açılmalı olan iş yerlərinin sayından xeyli çoxdur.
Həmin o artıqlığı müəyyən proqramlarla – frilanser fəaliyyəti, ailə özünüməşğulluğu, icma özünüməşğulluğu və digər proqramlarla təmin etmək olar. Eyni zamanda, bu gənclərin ixtisasını artırmaq, ali və orta ixtisas təhsilinin səviyyəsinin yüksəldilməsi yolu ilə beynəlxalq əmək bazarında rəqabətqabiliyyətli işçi qüvvəsinə çevrilməsini təmin etmək olar. Bu yolla ölkədə əmək bazarına daxil olan və getdikcə sayı artan içi qüvvəsinin işlə təmin olunmasını həyata keçirmək olar. Ölkədə insanlarımızın orta ömür müddəti artır. Buna uyğun olaraq pensiya yaşı da tədricən qaldırılır. Bu da insanlarımızın əmək qabiliyyətli yaş dövrünü artırır.
Yəni, eyni vaxtda əmək bazarına iki tərəfdən təzyiq hiss olunur. Bu, həm əmək bazarına ilk dəfə daxil olan işaxtaran gəclərin sayının artması, həm də yaşa görə pensiya sisteminə daxil olan insanların sayının pensiya yaşının artırılması ilə əlaqədar azalması. Belə bir şəraitdə iş yerlərinin sayının artırılması, yəni əmək bazarında işçi qüvvəsinə olan tələbin artırılması müəyyən qədər çətinlik törədir. Bu tələbin artması yalnız investisiyaların qoyulması yolu ilə yeni iş yerlərinin yaradılması ilə həll oluna bilməz. Bunun üçün özünüməşğulluq proqramları, qısaldılmış iş günlərinin tətbiqi, müxtəlif növbələrdə işləyə bilən işçilərin hazırlanması lazımdır. Bu cür yollarla izafi işçi qüvvəsinin işlə təmin olunması üçün müəyyən tədbirlər həyata keçirilməlidir”.
Mənbə:> APA-Economics