“Moskva-Bakı-Ankara geosiyasi oxu” mövzusunda dəyirmi masa keçiriləcək
Yanvarın 31-də Moskvadakı Avrasiya İnteqrasiyası Elmi Mərkəzində “Moskva-Bakı-Ankara geosiyasi oxu. Ticari-iqtisadi əməkdaşlığın perspektivləri ” mövzusunda dəyirmi masa keçiriləcək.
Mərkəzdən bildiriblər ki, cari ilin əvvəli Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın səfəri və Türkiyənin Rusiyadakı yeni səfiri Məhmət Samsarın öz vəzifəsinin icrasına başlaması ilə əlamətdar olub. Bununla yanaşı, Rusiyanın xarici işlər naziri Sergey Lavrov Rusiya, Azərbaycan və İran prezidentləri arasında Rusiyada üçtərəfli sammitin keçiriləcəyini, həmçinin Moskva-Bakı-Ankara geosiyasi oxu çərçivəsində əməkdaşlığın genişləndiriləcəyini bəyan edib.
Rusiya, Türkiyə və Azərbaycan arasında son illər müşahidə olunan üçtərəfli münasibətlərin intensiv inkişafı çərçivəsində əmtəə dövriyyəsinin artması və iqtisadi əməkdaşlığın daha da sürətlənməsi prosesi gedir. Samur çayı üzərindən avtomobil körpüsü, Cənub Qaz Dəhlizi, “Şah-Dəniz” yatağının birgə işlənməsi, Trans-Anadolu magistral qaz kəmərinin (TANAP) və Trans-Adriatik qaz boru kəmərinin (TAP) tikintisi, “Şimal-Cənub” Nəqliyyat Dəhlizi, Akkuyu AES-in tikintisi və bir çox digər müştərək layihələrin həyata keçirilməsi bu əməkdaşlığın bariz nümunəsidir. Bu istiqamətdə işlərin aparılması Rusiyanın xarici siyasət prioritetlərindən biridir. Dəyirmi masa iştirakçıları bu və digər məsələlər, həmçinin gələcək əməkdaşlığın problemləri və perspektivləri ətrafında fikir mübadiləsi aparacaqlar. Tədbirdə Rusiya-Türkiyə İctimai Forumunun baş katibi Sergey Markov, MDB, xaricdə yaşayan soydaşlar və beynəlxalq humanitar əməkdaşlıq üzrə Federal Agentliyin (“Rossotrudniçestvo”) ekspert-məsləhət Şurasının sədri Maksim Meyer, Rusiya Xalqlar Dostluğu Universitetinin Strateji Tədqiqatlar və Proqnozlar İnstitutunun direktoru Dmitri Yeqorçenkov, Müasir Türkiyə Araşdırmalar Mərkəzinin direktoru Amur Hacıyev, Türkiyə və Azərbaycan səfirliklərinin nümayəndələri, ictimai xadimlər, ekspertlər cəmiyyətinin təmsilçiləri türkoloq və qafqazşünaslar çıxış edəcəklər.
Mənbə:> AzərTAc