Lapşin Ermənistandadır: amma bu dəfə Qarabağa gəlməyəcək
Üç il əvvəl Azərbaycan ərazilərinə qanunsuz səfərlərinə görə cəzalandırılmış bloqer Aleksandr Lapşin yenidən Ermənistanda peyda olub.
Bu barədə erməni mediasına istinadən xəbər verilir ki, Lapşin bu gün İrəvanda keçirdiyi mətbuat konfransında deyib ki, Azərbaycanla həmsərhəd olan yaşayış məntəqələrinə getmək niyyətindədir. Ermənistanı “cazibədar ölkə”, xalqını “qonaqpərvər”adlandıran bu erməni sevdalısı onun təbiətinə və arxitekturasına məhəbbətini də izhar edib.
Lapşin deyib ki, fevralın sonlarınadək Ermənistanda qalmaq, ölkənin vilayətlərini gəzmək niyyətindədir. Dediyinə görə, kirayə avtomobil götürüb sərhədyanı bölgələrə getmək, Noyamberyan rayonunda olmaq, həmçinin Süniki, Mehrini görmək, Ermənistanın ən təhlükəli yollarında, həmçinin Nrnadzorda şütümək istəyi var. Bloqer artıq Ermənistanın müvafiq qurumlarına sərhədyanı ərazilərə getmək niyyətilə bağlı müraciət edib.
Ancaq maraqlıdır ki, A.Lapşin bu dəfə işğal olunmuş Azərbaycan ərazilərinə getməyi planlaşdırmır. Bu barədə o, jurnalistlərə açıqlamasında deyib. Bildirib ki, Qarabağa səfər onun planlarına daxil deyil. Bundan əvvəlki Qarabağ səfərinə görə 2016-cı ildə Belarusda həbs edilən, Bakıya təhvil verilən, Azərbaycan hökumətinə çoxsaylı müraciətlərdən sonra – 10 sentyabr 2017-ci ildə Prezident tərəfindən əfv olunan Lapşin Qarabağ səfərindən yayınmasını gülünc arqumentlərlə əsaslandırmağa çalışıb. Guya ki, onun Xankəndinə səfəri Azərbaycan cəmiyyətinin diqqətini daxildəki məsələlərdən, yerli bloqerlərin buraxılması məsələsindən yayındıra bilər.
Qeyd edək ki, bu, bloqerin Ermənistana sayca dördüncü səfəridir.
Mənbə:> Virtualaz.org