Komitə sədri: Bəzi qruplar ölkədə qarşıdurma yaratmağa cəhd edirlər
Bu gün prezidentimiz Azərbaycanın inkişaf istiqamətində bütün dəqiq istiqamətlərdə tədbirlərin görülməsinə tapşırıqlar verir.
Oxu.Az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı deyib.
Onun sözlərinə görə, bu gün Azərbaycan xalqının qarşısında mühüm vəzifələr durur:
“Ən mühüm məsələ Ermənistanın işğal etdiyi doğma Azərbaycan ərazilərini geri qaytarmaqdır. Daha sonra ölkəmizin inkişafına, xalqın rifahına, Azərbaycanın inkişaf etmiş ölkələr arasında mövcud yerini daha da möhkəmləndirməsinə nail olmaqdır.
Prezidentimiz bu istiqamətlərdə konkret siyasi hədəflər müəyyən edib. Bütün dövlətlər bu istiqamətlərdə fəaliyyət göstərir. Belə olan şəraitdə ölkədə bəzi qruplar həm xaricdən olan təbliğatın və digər təsirlərin nəticəsində, həm də özlərinin mənfur niyyətlərini həyata keçirmək naminə qarşıdurma yaratmağa cəhd edirlər.
Bu cəhdlər isə özünü mitinq şəklində büruzə verir. Azərbaycan demokratik dövlətdir, mitinqlərlə nəyisə xalqa çatdırmaq, nəyəsə nail olmaq zamanı arxada qalıb. Kiminsə, hansısa siyasi qrupun sözü varsa, bunu cəmiyyətə çatdırmaqda heç bir problem yoxdur. Məsələn, “Məhsul” stadionunda keçirilən mitinq bir daha göstərdi ki, Azərbaycan xalqı bu cür aksiyalara dəstək vermir.
Burada toplaşan eyni adamlardır, eyni fikirlər səsləndirirlər, eyni sözlər söyləyirlər və onların söylədikləri boyat fikirlərə xalq heç də reaksiya vermir, verməyəcəklər də, çünki onların dediklərində hər hansı bir yenilik yoxdur”.
Mənbə:> Oxu.Az