Mübariz Qurbanlı: 20 Yanvar xalqımızın qəhrəmanlıq salnaməsidir
20 Yanvar Azərbaycan xalqının unudulmaz qan yaddaşıdır.
Oxu.Az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı deyib.
Onun sözlərinə görə, 20 Yanvar şəhidlərinin xatirəsi hər il olduğu kimi, bu il də yad edilir:
“Bu, həm Azərbaycanın hüzn günüdür, həm də xalqımızın qəhrəmanlıq salnaməsidir. Onlar Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü uğrunda canlarından keçiblər. Bu hadisəyə səbəb olanlar hər zaman xalqımız tərəfindən ittiham olunur. Ulu öndər Heydər Əliyev bu hadisələrə siyasi status verilməsinə nail olmuşdu. Hadisə ərəfəsində, eləcə də, bir gün sonra M.Qorbaçov başda olmaqla, bu proseslərdə günahkar şəxslər kəskin şəkildə ittiham olunmuşdu.
20 Yanvar hadisələrini dünyaya çatdırmaq üçün çoxsaylı kitablar yazılıb, filmlər çəkilib. 29 il keçsə də, bu qanlı tarix xalqımızın yaddaşındadır. Bu vətənpərvərlik ruhu ilə xalqımız müstəqillik mübarizəsini davam etdirib.
Prezident İlham Əliyevin apardığı siyasətdə də xalqımızın 20 Yanvar faciəsi unudulmur, şəhidlik zirvəsi hər zaman uca tutulur. Ölkə başçısı da bu hüzn günündə xalqla birlikdə şəhidləri ziyarət etdi. Onların ruhu hər zaman bizimlədir. Allah rəhmət eləsin”.
Mənbə:> Oxu.Az