Almanlar Merkelə əvəz tapdılar
Anneqret Kramp-Karrenbauer Almaniyada iqtidardakı Xristian Demokratik Birlik Partiyasının sədri seçilib.
O, sədrlik üçün keçmiş millət vəkili Fridrix Merz və səhiyyə naziri Hens Spanla yarışıb.
Kramp-Karrenbauer ilk turda 999 etibarlı səsdən 450 səs toplayıb. Merz 392, Span isə 157 səs alıb. Namizədlərdən heç biri 50 faiz səddini keçə bilmədiyi üçün ikinci tura ehtiyac duyulub və ən çox səs toplayan iki namizəd yarışıb. Bu turda 517 səs alan Kramp-Karrenbauer qalib olub. Merz isə 482 səs yığa bilib.
Bu ilin əvvəlindən etibarən partiyanın baş katibi vəzifəsini icra edən Kramp-Karrenbauer partiyanın 8-ci sədri seçilib. Beləliklə, Merkelin vəzifəsi bitdikdən sonra Kramp-Karrenbauerin yeni kansler olacağı da dəqiqləşib.
Qeyd edək ki, 18 ildir sədr postunda olan Merkel seçkilərdə iştirak etməyəcəyini və səlahiyyət müddəti başa çatana qədər kansler vəzifəsində qalacağını açıqlamışdı.
“Qafqazinfo” məlumat üçün xatırladır ki, 56 yaşlı Kramp-Karrenbauer Saarland əyalətində daxili işlər, təhsil, əmək, ədliyyə və baş nazir vəzifələrini icra edib.
Mənbə:> Qafqazinfo.Az