İsraildə qadınlar kütləvi etiraza qalxdı
Bu gün İsraildə xanımlara münasibətdə şiddət və zorakılıq hallarının artmasına etiraz olaraq qadınlar ümummilli tətil elan ediblər.
Azvision.az xəbər verir ki, İsraildə qadınların öldürülməsilə nəticələnən cinayətlər və ailə zorakılığında qadınlara şiddət tətbiq edilməsi 100 min insanın etiraz aksiyası keçirməsinə səbəb olub.
Onlarla şəhərin meriyası və ölkə üzrə 300-ə yaxın təşkilat, müəssisə və şirkətlər qadınların “Qəzəb günü” adlı kütləvi aksiyasını dəstəkləyiblər.
“Yetkinlik yaşına çatmayan 2 qızın ölümü ilə nəticələnən son zorakılıq hadisələri bizi hərəkətə keçməyə vadar etdi. İctimaiyyət qəzəblidir və insanlar siyasətçilərimizin bu problemə laqeydliyini qəbul etməyə hazır deyil”, – deyə etiraz aksiyalarının təşkilatçıları bəyan ediblər.
Onlar qurbanları qadın olan cinayətlərin qarşısının alınmasına yönələn proqramın həyata keçirilməsi üçün hökumətin büdcədən 250 milyon şekel (70 milyon ABŞ dolları) ayırmasını tələb edirlər. Etirazçıların sözlərinə görə, bu proqram il yarım bundan əvvəl təsdiqlənməsinə baxmayaraq, maliyyə çatışmazlığı səbəbindən indiyədək yerinə yetirilmir.
Etirazçılar, həmçinin qadınlara qarşı cinayətlərin və zorakılıq hallarının araşdırılması üçün parlament komissiyasının yaradılmasını tələb edirlər.
Hazırda kütləvi etiraza qalxan nümayişçilər Təl-Əviv və Qüdsdə nəqliyyatın hərəkətini iflic ediblər, mərkəzi küçələrə girişi bloklayıblar. Aksiyaçılar həm də Qüdsə girişi bağlayıblar. Nəticədə şəhərlərdə nəhəng tıxaclar yaranıb. Güc strukturları sürücülərə alternativ yollardan istifadəni tövsiyə edib.
Mənbə:> Virtualaz.org