Netanyahu Qəzzaya hücum əmri verdi
İsrailin baş naziri Benyamin Netanyahunun başçılıq etdiyi, daxili işlər, müdafiə, kəşfiyyat nazirləri, o cümlədən, digər vəzifəlilərin də daxil olduğu Təhlükəsizlik Şurasının bu gün keçirilən 6 saatlıq iclasından sonra İsrailin Qəzzada silahlı fələstinlilərə qarşı hücumları davam etdirməsi barədə qərar qəbul olunub.
Azvision.az xəbər verir ki, Netanyahunun “ən ali qərarverici forumu” adlanan Şuranın iclasında Qəzza zonasında yaşanan irimiqyaslı toqquşma müzakirə edilib. Müzakirələrin yekununda fələstinli hərbçilərin hücumlarına “tələb olunduğu” şəkildə cavab verilməsinin davam etdirilməsinə dair qərar çıxarılıb.
Qeyd edək ki, ötən gündən etibarən “Həmas” Qəzzadan İsrail mövqelərinə 370 raket buraxıb. İsrail ordusu raketlərdən 100-nü “Dəmir günbəz” hava hücumundan müdafiə sistemləri ilə zərərsizləşdirə bilib. Həmçinin, cavab hücumu ilə İsrail ordusu “Həmas”ın Qəzzadakı 150 obyektinə zərbələr endirib.
“Voennoe obozrenie” qəzeti mənbələrinə istinadən yazıb ki, hücumlar nəticəsində 8 fələstinli və İsrail tərəfdən bir nəfər ölüb, onlarla yaralı var. İsrail tərəfdən ölən şəxsin İsrail ordusunun polkovnik-leytenantı olduğu bildirilir.
Mənbə:> Azvision.az