Serj Sərkisyan üzə çıxdı, hədələdi
Ermənistanın eks-prezidenti və Respublika partiyasına hələ də sədrlik edən Serj Sərkisyan hakimiyyətdən uzaqlaşdırılandan bu yana ilk dəfə siyasi nitqlə çıxış edib və Qarabağ məsələsində “axıradək mübarizə aparacaqlarını” bildirib.
Virtualaz.org xəbər verir ki, Ermənistanın “Hraparak” (“Meydan”) qəzeti Serj Sərkisyanın ötən bazar günü Respublika partiyasının rəhbər orqanının-Şurasının qapalı iclasında proqram nitqi ilə çıxış etdiyini yazır. Həmin iclasda Respublika partiyasının dekabrda keçiriləcək növbədənkənar parlament seçkilərində iştirakı barədə qərar qəbul edilib. Lakin partiyanın seçki siyahısına Sərkisyan yox, keçmiş müdafiə naziri Vigen Sərkisyan başçılıq edəcək.
Sərkisyanın çıxışının əsas tezisi bundan ibarət olub ki, partiya yalançı müxalifətçiliklə məşğul olmayacaq və hakimiyyətin istənilən bəyanatına opponentlik edəcək.
“Əgər hakimiyyət ölkə üçün faydalı addımlar atacaqsa biz onu birmənalı şəkildə dəstəkləyəcəyik, əks halda biz onların daşını daş üstündə qoymayacağıq”-Sərkisyan deyib.
Qəzetin yazdığına görə Sərkisyanın bu təhdidi əsasən Qarabağ məsələsi ilə bağlı olub. “Bu məsələdə biz güzəştə gedən deyilik, axıra qədər mübarizə aparacağıq”-Serj Sərkisyan iclasda qeyd edib.
Sərkisyanın çıxışı barədə qəzetə məlumat verən mənbə deyib ki, xüsusi xidmət orqanlarının keçmiş rəhbəri, Qarabağ məsələsi üzrə xüsusi səfir olmuş David Şahnazaryanın Respublika partiyasının seçki siyahısında yer alması da Sərkisyanın həmin mövqeyinə əyani sübutdur.
Mənbə:> Virtualaz.org