“ABŞ-ın Azərbaycanla münasibətləri strateji əhəmiyyət kəsb edir”
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov ABŞ Prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Boltonun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Xarici İşlər Nazirliyindən virtualaz.org-a verilən məlumata görə, E.Məmmədyarov Azərbaycanın ABŞ ilə əlaqələrə xüsusi əhəmiyyət verdiyini bildirərək bir sıra sahələrdə, xüsusilə terrorizmə qarşı mübarizə çərçivəsində sıx əməkdaşlıq həyata keçirildiyini qeyd edib. Eləcə də ABŞ hökumətinin Azərbaycanın təşəbbüsü ilə reallaşdırılan layihələrə göstərdiyi dəstəyə görə öz təşəkkürünü bildirib.
İki ölkə arasında müxtəlif sahələrdə əməkdaşlıq əlaqələrinin daha da inkişaf etdirilməsinin vacibliyini vurğulayan C.Bolton ABŞ-ın Azərbaycanla münasibətlərinin strateji əhəmiyyət kəsb etdiyini diqqətə çatdırıb.
Müşavir Azərbaycanın terrorizmə qarşı mübarizə çərçivəsində Əfqanıstandakı əməliyyatlara verdiyi töhfəsinin yüksək qiymətləndirildiyini qeyd edib.
Qarşı tərəfə Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu ilə həlli istiqamətində aparılan danışıqlar haqqında məlumat verən E.Məmmədyarov mövcud status-kvonun qəbuledilməz və qeyri-davamlı olduğunu bildirib. Ermənistan silahlı qüvvələrinin işğal olunmuş Azərbaycan ərazilərində qeyri-qanuni mövcudluğunu diqqətə çatdıran nazir münaqişənin həllində davamlı sülhə nail olunması üçün ilk növbədə Ermənistan qoşunlarının Azərbaycanın bütün işğal olunmuş ərazilərindən çıxarılmalı olduğunu və bu ərazilərdən zor gücü ilə qovulan insanların öz evlərinə geri qayıtmalı olduqlarını diqqətə çatdırıb.
Görüş zamanı tərəflər Azərbaycanın təşəbbüsü ilə həyata keçirilən enerji, nəqliyyat və tranzit layihələri, xüsusilə Bakı-Tbilisi-Qars dəmir yolu xətti və Cənub Qaz Dəhlizi haqqında müzakirələr aparıblar.
Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
* * *11:41
Bakıda Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov ilə ABŞ Prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Bolton arasında görüş keçirilir.
Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidməti xəbər verir.
Görüşdə tərəflər Azərbaycan ilə ABŞ arasındakı əməkdaşlığın inkişafını, həmçinin regional məsələləri müzakirə edirlər.
***11:32
ABŞ Prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Con Bolton Azərbaycana gəlib.
Səfər zamanı C.Bolton rəsmi şəxslərlə Azərbaycan və ABŞ arasındakı əməkdaşlığın inkişafı, eləcə də regional məsələlərin müzakirə olunacağı bir sıra görüşlər keçirəcək.
Qeyd edək ki, o, daha əvvəl Azərbaycan, Ermənistan və Gürcüstana səfərləri zamanı bu ölkələrin Suriyada vəziyyətin tənzimlənməsinə təminatçı dövlətlərin - İran, Rusiya və Türkiyə ilə münasibətlərində oynadıqları geosiyasi rolun vacibliyini dəyərləndirəcəyini bildirib.
C.Bolton Cənubi Qafqaza gəlməmişdən əvvəl Rusiyada səfərdə olub
Mənbə:> Virtualaz.org