DTX-nin “Facebook”, “Twitter” və “Youtube” hesabları fəaliyyətə başladı
Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) rəsmi “Facebook” səhifəsi, “Twitter” və “Youtube” kanalları fəaliyyətə başlayıb.
Oxu.Az xəbər verir ki, bu barədə qurumun rəsmi internet səhifəsində yer alan məlumatda deyilir.
Məlumatda bildirilir ki, Azərbaycan Respublikasında söz və məlumat azadlığının, o cümlədən dövlət qurumlarının fəaliyyətində şəffaflığın və aşkarlığın təmin olunması ölkəmizdə uğurla həyata keçirilən və dövlət-vətəndaş birliyinin daha da möhkəmlənməsinə xidmət edən siyasətin prioritet istiqamətlərindəndir.
Qeyd olunur ki, Dövlət Təhlükəsizliyi Xidməti (DTX) haqqında məlumatların və digər faydalı informasiyaların ilkin mənbədən əldə edilməsi imkanlarının genişləndirilməsi, həmçinin ictimai əlaqələrin qurulması işinin müasir dövrün tələblərinə uyğun daha təkmil səviyyədə təşkil olunması məqsədilə DTX-nin rəsmi “Facebook” səhifəsi, “Twitter” və “Youtube” kanalları fəaliyyətə başlayıb. Yeni yaradılmış səhifə və kanallar vasitəsilə DTX-nin tarixinə, əməliyyat-xidməti fəaliyyətinə, beynəlxalq əməkdaşlıq əlaqələrinə, eləcə də ictimaiyyətlə görüşlər üzrə keçirilən tədbirlərinə dair və sair mövzularda müxtəlif səpkili maraq doğuran məlumatlar və foto-video materiallarla tanış olmaq mümkündür.
Diqqətə çatdırılır ki, Dövlət Təhlükəsizliyi Xidmətinin adından və loqotipindən istifadə etməklə sosial şəbəkələrdə icazəsiz və saxta səhifə, kanal, profillərin yaradılması, işlədilməsi yolverilməzdir və qanunla müəyyən edilmiş qaydada məsuliyyət yaradır:
“Dövlət Təhlükəsizliyi Xidmətinin rəsmi www.dtx.gov.az səhifəsindəki DTX-nin rəsmi “Facebook”, “Twitter” və “Youtube” hesablarına keçid işarə düymələrindən istifadə etməklə, yaxud həmin rəsmi səhifə və kanallara abunə yazılmaqla məlumatları əldə etmək olar. Hörmətli istifadəçilərə səmərəli informasiya mübadiləsinə görə əvvəlcədən təşəkkürümüzü bildirir və uğurlar arzulayırıq!”.
Mənbə:> Oxu.Az