Amerika KİV-ləri: Korrupsiya Ermənistandan ABŞ-a keçir
"ABŞ-da erməni nüfuzunun yayılmasında korrupsiyaya rəvac verən Amerika Erməni Milli Komitəsinin böyük rolu var".
Bu barədə “Daily Caller” nəşrindəki Raul Loveri-Kontreras adlı müəllifin yazısında müasir Ermənistanın əsas xüsusiyyəti kimi “daim əhali itkisi” göstərilir: “Ermənilər yoxsulluqdan yaxa qurtarmaq üçün çıxıb Rusiyaya və ya Los- Ancelesə gedirlər. Hər il Ermənistanı 100 minədək sakin tərk edir. 1991-ci ildən bu yana ölkə əhalisi 1,5 milyon nəfər azalıb”.
Ermənistanın ikinci mühüm xüsusiyyəti kimi də məqalədə “siyasi korrupsiya” qeyd olunur. Buna dəlalət kimi, yeni hökumətin açdığı bir çox cinayət işlərini misal gətirən müəllif erməni korrupsiyasının Yerevandan tutmuş Los-Ancelesə qədər hər yeri bürüdüyünü, hətta Kaliforniyanın paytaxtı Sakramentoda da özünə yer etdiyini təəssüflə bildirir. Yazıda vurğulanır ki, bu yaxınlarda Kaliforniyanın 4 rəsmisi “bircə sent xərcləmədən” Ermənistana səfər edib.
Bununla yanaşı, yazıda erməni lobbisinin Azərbaycana ABŞ yardımlarına daim əngəl törətdiyi də vurğulanır. ABŞ hökumətinin Azərbaycan və Ermənistanın ərazi bütəvlüyünü dəstəkləyərək Azərbaycanda ermənilərin işğal etdiyi Dağlıq Qarabağ bölgəsini tanımadığını xatırladan müəllif Kaliforniya rəsmilərinin həmin işğal altındakı bölgəyə Azərbaycan hökumətindən müvafiq icazə almadan getdiklərini qeyd edir. Hətta Kaliforniya senatoru Antoni Portantino daha əvvəl iki dəfə belə hərəkətə yol verdiyinə görə ABŞ-ın dostluq münasibətlərində olduğu Azərbaycanda arzuolunmaz şəxs hesab edilir.
Yazı müəllifi həmçinin terrorçuluğa dəstək verən, hərbi təcavüz və işğalçılıq siyasəti yürüdən bir ölkəyə ABŞ tərəfindən dəstək verilməsinin nə qədər məqsədəuyğun olması barədə sual qoyur.
Mənbə:> Virtualaz.org