“Ermənistan dilənir, Azərbaycan inkişaf edir”
Almaniyanın “Zenith” jurnalında “Ermənistan dilənir, Azərbaycan inkişaf edir” adlı məqalə dərc olunub.
AzNews.info-nun məlumatına görə, Ermənistana səyahət etmiş jurnalist Ramon Şak məqalədə bu ölkə haqqında təəssüratlarını bölüşür. Müəllif səfər zamanı Ermənistanda yerli insanlarla görüşdüyünü, onları dinlədiyini diqqətə çatdırır.
Yazıda Aram adlı erməni gənc ölkənin xarici siyasəti haqqında bu sözləri deyir: “Ermənistan Türkiyə ilə dil tapmasa bizim üçün çətin olacaq. Azərbaycan ilə də mütləq razılığa gəlinməlidir. Azərbaycan inkişaf etdikcə Ermənistan dilənir”.
Müəllif qeyd edir ki, Aramın söylədiyi fikirlər söhbətin getdiyi kafedə olan digər insanlar tərəfindən də təsdiqlənirdi.
Məqalədə bildirilir ki, Ermənistan arxaik orijinallığını saxlayıb. Bu, ölkəyə səfər edənlərə ekzotik gələ bilər, amma yerli əhali bunu ifrat kasıblıq kimi qəbul edir.
Müəllif, həmçinin təsərrüfat üçün düzgün istifadə edilmədiyinə görə Sevan gölünün suyunun kəskin şəkildə azaldığını qeyd edir.
Yazıda Ermənistanda maaş və sosial müavinətlərin çox aşağı səviyyədə olduğu, ölkənin erməni diasporunun göndərdiyi vəsait hesabına yaşadığı vurğulanır.
Mənbə:> AzərTac