Amerikalı politoloq: Qarabağ münaqişəsi həll olunmadan Ermənistanın gələcəyi yoxdur
Dağlıq Qarabağ münaqişəsi həll olunmadan Ermənistanın gələcəyi yoxdur.
Bunu Trend-ə müsahibəsində “Dağlarda ölüm. Xocalıda hərbi cinayət və Dağlıq Qarabağ münaqişəsi” kitabının müəllifi Raul Louri Kontreras deyib.
Onun kitabı Xocalı soyqırımı haqqında ABŞ-da nəşr olunmuş və satışa çıxarılmış ilk kitabdır.
Müəllif qeyd edib ki, 1992-ci ildə, bu hadisələr baş verərkən ABŞ-da cəmiyyət prezident seçkiləri ilə məşğul idi və dünyada nələrin baş verdiyindən xəbəri yox idi: “Mən Dağlıq Qarabağ barədə “New York Times”da “dondurulmuş münaqişələr” haqqında oxuyarkən xəbər tutdum. Mən həmin illər ermənilər tərəfindən girov götürülmüş iki qadınla söhbət etdim və onların dedikləri əsasında kitab yazdım. Qadınlardan birinin danışdığı o qədər təsirli idi ki, mən ağladım. Çünki onların hansı çətinliklərdən keçdiyini təsəvvür etdim”.
ATƏT Minsk qrupunun həmsədri qismində ABŞ-ın Dağlıq Qarabağ münaqişəsinin həllində necə kömək edə biləcəyi sualına cavab verən R.L.Kontreras deyib ki, ABŞ Ermənistana qarşı sanksiyalar tətbiq etməlidir: “Erməni qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılması və Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli ABŞ-ın marağındadır. Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir və beynəlxalq ictimaiyyət bu faktı qəbul edir. ABŞ Ermənistana qarşı sanksiyalar tətbiq etməli və ABŞ tərəfindən heç bir yardım almayacağını bildirməlidir. Ermənistan çox kasıb ölkədir və ABŞ-dan ala biləcəyi istənilən köməyə ehtiyacı var. Ona görə də onlar bu tələbləri yerinə yetirməli olacaqlar”.
Onun sözlərinə görə, hazırda Azərbaycan torpaqlarının işğalı ilə bağlı Ermənistan bütün əhəmiyyətli nəqliyyat və enerji layihələrindən təcrid olunub: “Ermənistan qoşunlarını Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarmaqla böyük səmərə əldə edə bilərdi. Ermənistan həmin layihələrə qoşula və tranzit ölkə kimi dividendlər əldə edə bilərdi. Amma indiki şərtlərdə Ermənistanın gələcəyi yoxdur”.
Mənbə:> Trend