Rusiyalı jurnalistlər Gürcüstana buraxılmadı
“Regionda etimadın möhkəmləndirilməsində KİV-in rolu” Cənubi Qafqaz beynəlxalq mediaforumunda iştirak etmək üçün Gürcüstana gəlmək istəyən 4 rusiyalı jurnalist bu ölkəyə buraxılmayıb.
Virtualaz.org-un Tbilisidə olan əməkdaşı Rasim Babayev xəbər verir ki, həmin şəxslər NTV telekanalının jurnalisti Aleksandr Tokarev, TASS agentliyinin hərbi müxbiri Viktor Litovkin, Rusiya Cəmiyyətinin tədqiqatçıları beynəlxalq assosiasiyasının prezidenti Gennadi Bordyukov və “Severnaya Osetiya” qəzetinin baş redaktoru, tarixçi Alan Kasayev olublar.
Forum təşkilatçıları bildiriblər ki, Tbilisi aeroportunda sərhədçilər rusiyalılara onların Gürcüstana girişinin qadağan edildiyini deyiblər.
Gürcüstan Daxili İşlər Nazirliyi isə bildirib ki, rusiyalılar “işğal olunmuş ərazilər haqqında” qanunu pozduqları üçün ölkəyə buraxılmayıblar.
Əməkdaşımız bildirir ki, bütovlükdə, Moskvadan Tbilisiyə doqquz nəfərdən ibarət olan nümayəndə heyəti gəlibmiş. Onlardan beş nəfəri hər halda çərşənbə günü və cümə axşamı yuxarıda göstərilən tədbir çərçivəsində əsas müzakirələrin keçiriləcəyi "VERE PALASE" mehmanxanasına çatmağa müvəffəq olublar.
Yeri gəlmişkən, əməkdaşımız onu da vurğulayıb ki, asayişin təminatı üçün mehmanxananın binası yanında bir neçə polis maşını növbə çəkir.
Mənbə:> Virtualaz.org