Paşinyanın Sarkisyandan fərqi nədir?
"Ermənistanın baş naziri Nikol Paşinyan nəyin bahasına olursa-olsun ABŞ prezidenti Donald Trampla görüşə can atır. ABŞ-dakı erməni təşkilatları Ağ Evi məktub "atəşinə" tutublar. Təxminən 50-yə yaxın konqresmen də bu prosesə qoşulub və Trampa rəsmi müraciət ünvanlayıblar.
Bununla bağlı ABŞ mediasında kampaniya da başladılıb. Maraqlıdır ki, Paşinyanın Ağ Evdə qəbul olunmasına nail olmaq istəyən dairələr bunun üçün əsas olaraq Vaşinqton-Ankara münasibətlərini göstərirlər. Ağ Evə ünvanlanan məktublarda qeyd olunur ki, Türkiyənin ABŞ-dan və onun maraqlarından üz döndərdiyi bu zaman kəsiyində İrəvan Vaşinqtonla münasibətləri inkişaf etdirməyə can atır".
Big.az xəbər verir ki, bunu politoloq Elçin Mirzəbəyli özünün "Facebook" səhifəsində yazıb.
Politoloqun sözlərinə görə, Ağ Evə ünvanlanan məktublarda və PR xarakterli yazılarda Nikol Paşinyanın "demokrat" obrazının yaradılmasına cəhd göstərilir. Lakin Ermənistanın indiki baş nazirinin hakimiyyətdə qalmaq üçün konstitusiyanı dəyişmək istədiyi barədə söz açılmır:
"Nikol Paşinyan dünən keçirdiyi mitinqdə bəyan edib ki, növbədənkənar parlament seçkilərinin keçirildiyi zaman onun baş nazir postunda qalması üçün konstitusiyaya dəyişiklik edilməlidir. Ermənistanın mövcud konstitusiyasına görə, baş nazir parlament seçkiləri ərəfəsində istefa verməlidir. Seçkilərin keçirildiyi dönəmdə və yeni baş nazir seçilənədək isə real hakimiyyət fəaliyyəti seçkilərarası dövrdə formal xarakter daşıyan prezidentin əlində cəmləşir. Bu isə şübhəsiz ki, Paşinyanın maraqlarına cavab vermir. Baş nazir bunu kütləyə olduqca absurd və məntiqsiz bir şəkildə izah edir və bildirir ki, o, istefa verəcəyi təqdirdə parlamentin "gizlicə yeni baş nazir seçəcəyindən narahatdır". Bu yanaşmanın məntiqsizliyi orasındadır ki, Ermənistan konstitusiyasına görə, baş nazir seçkilər elan edildikdən dərhal sonra istefa verməlidir və yenə də eyni konstitusiyaya görə seçkilər başa çatana və nəticələr rəsmiləşənədək yeni baş nazir seçilə bilməz. O zaman maraqlıdır, görəsən Ermənistan parlamenti seçki dövründə yeni baş naziri necə və hansı konstitusiyaya əsaslanaraq seçəcək? Bəlkə Ermənistanın bir neçə konstitusiyası var? Yaxud Paşinyan istefasından sonra seçkilərin ləğv edilə biləcəyindən qorxur? Ermənistan Konstitusiyasının 93-cü müddəasına əsasən ölkədə növbəli və növbədənkənar seçkilər prezident tərəfindən təyin edilir. Parlamentin səlahiyyəti isə hər iki halda yeni seçilən məclisin birinci iclasında başa çatır. Ermənistan Konstitusiyasında seçkilərin ləğvi ilə bağlı heç bir konkret müddəa yoxdur. Hüquqi məntiqlə isə seçkiləri prezident təyin etdiyi üçün o da ləğv edə bilər. Bunun üçün isə konstitusiyadan çıxış edilərək müxtəlif bəhanələr gətirilə bilər. Məsələn, ölkədə qarşıdurma yaratmaqla, yaxud cəbhə xəttində təxribatlar törətməklə fövqəladə vəziyyətin elan olunması və s. Paşinyanın narahat edən, çox güman ki, məhz bu məqamdır. Məhz bu səbəbdən də kütlənin baş naziri sələfi Serj Sarkisyan kimi hakimiyyətdə qalmaq üçün konstitusiyanı dəyişməyə çalışır. Bu isə onun demokratik və hüquqi islahatlar haqqında səsləndirdiyi fikirlərin siyasi ritorikadan başqa bir şey olmadığını göstərir. İrəli sürülən fərziyyə və ehtimallardan asılı olmayaraq, konstitusiyanın dəyişdirilməsinə cəhddə məqsəd hakimiyyətdə qalmaqdan ibarətdir. Bu isə Paşinyanın sələfi Sarkisyandan bir o qədər də fərqlənmədiyini, demokratik və hüquqi dəyərlərin daşıyıcısı olmadığını göstərir. Hesab edirəm ki, məhz bu amil ABŞ və digər dövlətlərin mətbuatına daşınmalı, Nikol Paşinyanın saxta demokrat obrazı ifşa olunmalıdır".
Mənbə:> Big.az