Britaniyanın Rusiyadakı baş konsulluğu rəsmən bağlandı
Bu gün Böyük Britaniyanın Sankt-Peterburqdakı baş konsulluğu fəaliyyətini tamamilə dayandıraraq rəsmən bağlanıb.
Bu barədə Britaniyanın Moskvadakı səfirliyi məlumat yayıb. Diplomatik missiya iyundan etibarən öz funksiyalarının bir hissəsinin icrasını dayandırmışdı. Lakin Rusiyada keçirilən futbol üzrə dünya çempionatının final mərhələsinədək işini davam etdirib.
“Təəssüf ki, bu, Solsberidəki insidentdən sonra Rusiya hökumətinin bizə münasibətdə tətbiq etdiyi tədbirdir”, – deyə konsulluğun "Tvitter"dəki səhifəsində yazılıb. Baş konsulluğun binasındakı Böyük Britaniyanın bayrağı aşağı endirilib.
Xatırladaq ki, martda Rusiyanın sabiq hərbi kəşfiyyatçısı Sergey Skripal və qızı Britaniyanın Solsberi şəhərində “Noviçok” kimyəvi maddəsindən zəhərlənərək beyin iflici keçiriblər. London bunu sui-qəsd adlandıraraq, baş verənlərdə Moskvanı günahlandırıb. Rusiya isə ittihamları rədd edib. Britaniya hadisə ilə əlaqədar 23 rusiyalı diplomatı ölkədən çıxarıb. Analoji cavab tədbirləri görən Moskva isə Sankt-Peterburqdakı Britaniya baş konsulluğunu bağlamaq və Rusiyada 20 ildən artıq fəaliyyət göstərən “Britaniya Şurası” ictimai təşkilatının işini dayandırmaq qərarı verib.
Mənbə:> Virtualaz.org