Erməni xəbər saytını Rusiya hərbi bazası maliyyələşdirirmiş
Ermənistanın Gümrü şəhərində yerləşən Rusiyanın 102-ci hərbi bazasının erməni xəbər portalını maliyyələşdirdiyi məlum olub.
Bununla bağlı Ermənistanın “Zorakn” Elmi-Maarifləndirici Fondunun hesabatında məlumat verilir.
Bildirilir ki, “Azdarar.am” adlı sayt rəsmi olaraq bəyan edib ki, bu media qurumuna aid “Razm.info” adlı hərbyönümlü xəbərlər yayan portal qonşu dövlətlərin elektron mətbuatında yayılan materialların icmalını hazırlaması qarşılığında 2016-cı ildə 100 min rubl (1600 dollara yaxın) pul alıb.
“Forrights.am” saytında Rusiya hərbi bazasının erməni xəbər portalını maliyyələşdirilməsinin riskləri barədə məqalə dərc edilib. Məqalə müəllifi Rusiya hərbi bazasının mənafelərinə xidmət göstərmək barədə danışır. Yazıda deyilir ki, portal xəbərlərində davamlı olaraq, Türkiyə və Azərbaycanı “düşmən” adlandırırmış, peşəkar KİV isə bu ölkələri “rəqib” adlandırırlar.
Məqalənin müəllifi Robert Ananyan deyib:
“Əgər Rusiya pulları ilə dolanan ekspertlərə diqqət yetirsək, görərik ki, onların əsas məqsədi Ermənistan və Azərbaycan arasında düşmənçiliyin artırılmasıdır”.
Politoloq Marina Manuçaryan “Facebook” hesabında buna fikir bildirib:
“Ermənistanın sosial-iqtisadi, siyasi və sosial vəziyyəti haqqında ümumdünya “think tank” və fonları üçün hesabatlar yazılıb və yazılır, qrantlar ayrılıb və ayrılır. Və bu normaldır. Niyə görə “Razm.info”nun hazırladığı hesabat müzakirəyə səbəb olub? Təbliğat və beyinlərin yuyulması istisnasız davam edir. Təbliğat üçün onlara verilən pullarla bağlı dəqiq sübutlar varsa , mən çox böyük məmnuniyyətlə bununla tanış olardım”.
Mənbə:> Oxu.Az