XİN: Ermənistan rəhbərliyinə artıq ayılmağı tövsiyə edirik
Paşinyan özünün demokratiya deyil, dövlət çevrilişi yolu ilə hakimiyyətə gəlməsinə bəraət qazandırmağa çalışır.
Oxu.Az-ın məlumatına görə, bunu Ermənistanın Baş naziri Nikol Paşinyanın Brüsseldə keçirdiyi görüşlərdə səsləndirdiyini fikirlərini şərh edərkən Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib.
H.Hacıyev qeyd edib ki, Ermənistan Baş nazirinin Brüsseldə keçirdiyi görüşlərdə Ermənistan-Azərbaycan sərhədi və qoşunların təmas xəttində guya gərginliyin artması barədə verdiyi məlumatlar yalan və dezinformasiyadır:
“Real operativ vəziyyət və mövcud faktlar bunun tamamilə əksini sübut edir. Bu yolla Ermənistan rəhbərliyi beynəlxalq ictimaiyyəti aldatmağa çalışır. Amma beynəlxalq ictimaiyyət real vəziyyət barədə dolğun və düzgün məlumata malikdir. Ermənistan Baş nazirinin bu kimi fəaliyyəti yalnız daxili istehlaka yönəlib və qeyri-legitim hakimiyyətini qorumaq məqsədi daşıyır. Eyforiya dövrü artıq başa çatmaqdadır”.
XİN rəsmisi deyib ki, N.Paşinyan Ermənistanla heç bir əlaqəsi olmayan demokratiya və insan hüquqlarından danışaraq özünün demokratiya deyil, dövlət çevrilişi yolu ilə hakimiyyətə gəlməsinə bəraət qazandırmağa çalışır:
“Ermənistanın rəhbərliyinə artıq ayılmağı və reallığı anlamağı tövsiyə edərdik. Reallıq odur ki, Ermənistanın üzləşdiyi problemlərin kökündə qonşulara münasibətdə yürütdüyü sui-qəsd xarakterli siyasət durur. Bu siyasət Ermənistanın müstəqilliyi və suverenliyini viran edir və Ermənistanı yoxsulluq və qeyri-sabitlik uçurumuna aparır”.
Mənbə:> Oxu.Az